Sadəliyin zənginliyi

23 İyul 2017 07:12 (UTC+04:00)

(Portret cizgiləri)

Bir düz xəttin yanındakı nöqtədən həmin xəttə yalnız bir paralel xətt çəkə bilərsən. Bu aksiomdur. Min illərdir ki, elm bu və ya digər aksiomlara dayaqnalaraq ixtiralar edir. O da var ki, bir düz xətt onun yandakı nöqtədən həmin düz xəttə istənilən qədər əyri xətt çəkmək olar. Bu əyri xətlər üzərindəki ixtiralar isə məhvə məhkumdur. Həyatda, cəmiyyətdə də belədir. Düzlər az, əyrilər istənilən qədərdir.

Həmin düz xətti həqiqətə, nöqtəni isə insana bənzətsək çox az adamlar tapılar ki, həyatı boyu həqiqətlə paralel, düz xətt boyunca yaşasın. Belə azlardan biri də Yaqub Əlioğludur. O, Yaqub ki, öz «hücrəsinə» çəkilib, yazmaq, yaratmaqla məşğuldur. Sənətdə çığırtısı deyil, qələminin xışıltısı gəlir. Yaradıcılığını dörd şaxə üzrə davam etdirir: Teatrşünaslıq, ssenaristlik, yazıçılıq, tərcüməçilik.

Onun ssenariləri üzrə çəkilən sənədli filmlərin sayı yüzü keçib. Bəlkə də bu sənədli filmlər bu gün kimlərəsə adi görünə bilər, amma onlarda əbədiləşən anlar, kadrlar bizim sabaha, gələcək nəsillərə ən böyük töhfəmiz, ərməğanımızdır. Həmin sənədli lentlər maarifçilik funksiyası daşıyır, insanları öz xalqının ləyaqətli övladlarının əməlləri ilə qürur hissi keçirməyə, onlardan öyrənməyə, onları özlərinə örnək seçməyə çağırır. Bu sahədə Yaqubun mövzu dairəsi çoxşaxəlidir. Bunların sırasında Azərbaycan tarixi, təbiəti ilə bağlı filmlər də, ictimai, hərbi sahələri canlandıran kino lentlər də var. Amma onun filmlərində Azərbaycan incəsənətindən bəhs edən mövzular üstünlük təşkil edir. Bu kadların bir çoxu portret filmlərdir, görkəmli sənət xadimlərinin həyat və yaradıcılığını ümumiləşdirmiş şəkildə tamaşaçılara çatdırır. Sənədli filmlərin xronometrajı qısa (Adətən belə filmlər 29-30 dəqiqə çəkir) ondan tələb olunan material isə genişdir. Yəni dəqiqələrlə ölçülən vaxt, zaman müddət ərzində on illərlə yaşamış bir insanın fəaliyyətini, yaxud yüz illərlə dövrü əhatə edən tarixi canlanlırmalısan. Bu cəhətdən, Yaqub Əlioğlunun ssenariləri əsasında çəkilən filmlərin bir neçəsini sadalamaq istərdim: "Sabahın elçisi: Mirzə Fətəli Axundov", "Qüdsi", "İsmayıl bəy Qutqaşınlı", "Palıd ömrü: Nəcəf bəy Vəzirov", "Salnaməçi: Qulam Məmmədli", "Hökm icra olunubdur", "Firudin bəy Köçərli", "Gülüş fenomeni: Sabit Rəhman", "Ömür urası: Sabir Əhmədov", "Seyid Nigari", "Mən şahidəm: Qılman İlkin", "Gələcək günün adamı: Mirzə İbrahimov", "Şair haqqında ballada: Tofiq Bayram"), "Bir şer bulağıydım: Hüseyn Kürdoğlu", "Mən kiməm? Fikrət Qoca", "Akademik Bəkir Nəbiyev". Bu siyahi Yaqubun ömrünü ədəbiyyatımızın inkişafına həsr etdiyi şəxsiyyətlər barədə ssenariləridir. Hər ssenarini yazmaq üçünsə belə qələm sahiblərinin yaradıcılığına onların tədqiqatçılarından daha çox bələd olmalı, araşdırmaların onları üstələməlidir.

Ssenaristdən fərqli olaraq tədqiqatçının qarşısında vaxt, həcm məhdudiyyəti yoxdur. Tədqiqatçı-alim bu gün deyə bilmədiyi, unutduğu sözü, nə vaxtsa deyə bilər, yaxud səhv mühakiməsinə düzəliş vermək imkanına, hüququna malikdir.. Ssenaristə isə belə bir şans, imkan verilmir, o, sözünü yalnız bir dəfə, ona verilən vaxt çərçivəsində deməlidir. Bu cəhətdən Yaqubun baş redaktoru olduğu «Azərbaycantelefilm»in çəkdiyi filmlərin dəyəri əvəzsizdir.

Bədii yaradıcılıqla məşğul olan elə insanlar tanıyıram ki, onlar Abbasqulu ağa Bakıxanovun yaradıcılığına baş vurmuş, amma yarı yolda özlərinin acizliyini hiss etmişlər. Çünki Abbasqulu ağa haqqında bədii, yaxud sənədli əsər yazmaq üçün elmin bir çox sahələrini dərindən bilmək lazımdır. Amma, şükür Allaha ki, Yaqub Əlioğlunun «Qüdsi» filmi üzərindəki işi yarımçıq qalmadı, onun iki illik zəhməti hədər getmədi: «Qüdsi» filmi maraqla qarşılandı.

Şəxsən mən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ədəbi hissə müdiri işləyərkən, səhnə ustaları haqqında yazdığım ssenarilərdə bu filmlərdən dəfələrlə istifadə etmişəm, bəhrələnmişəm. Bu filmlərdə əbədiləşən məqamlara bu gün biganə yanaşsa idik sabah onlara əlimiz çatmayacaqdı. Axı, Yaqub Əlioğlunun ssenariləri siyahisində elə şəxsiyyətlərin həyat və yaradıcılığı əks olunub ki, onlar hələ sağlıqlarında korifeyləşiblər, millətimizi, ölkəmizi dünyada tanıdıblar. Gələcək nəsil üçün onların hər sözü, həyatının hər məqamı maraqlıdır, ibrət nümunəsidir, onları öyrənə-öyrənə Yaqub özü də mənən zənginləşir, ömür yoluna, portret cizgilərinə əlavələr olunur. Səhnəmizin ilk Məcnunu Hüseynqulu Sarabskinin, dünya şöhrətli rəssam Tahir Salahovun, XX əsr Azərbaycan poeziyasının korifeylərindən Süleyman Rüstəmin, xalq şairi Nəriman Həsənzadənin yaradıcılığını araşdıran, onların ömür, elm, sənət dünyasını ekrana gətirən insan neçə mənən zəngin olmaya bilər?!

Yaqub Əlioğlunun yaradıcılığının ikinci qolunu teatrşünaslıq sahəsindəki fəaliyyəti təmsil edir. Bu sahədə Yaqub əsas etibarı ilə müasirlərindən yazır, çünki səhhətindəki müəyyən problemlərlə bağlı arxiv qovluqlarını vərəqləyə bilmir. Bununla yanaşı o, «Şuşa teatrı» kimi sanballı bir əsəri ərsəyə gətirmişdir. Araşdırmada Şuşa teatrının özfəaliyyət kollektivi kimi yarandığı vaxtdan bu günlərimizə qədərki fəaliyyəti öz əksini tapıb. Onun bu sahədəki digər kitabları isə müasirləri – səhnəmizi rövqləndirən sənətkarlar haqqındadır. «Səhnə rampasının sehri», «Özlərini səhnədə görənlər», «Rejissorlarla üz-üzə», «Səhnədə izi olanlar», «Sənət çevrəsinin sakinləri» və digər kitabları bu qəbildəndir. Müasir Azərbaycan səhnəsinin rejissorları, aktyorları , səhnə sənətinin başqa sahələrində çalışan sənətkarlar haqqında məlumat almaq istəyənlər üçün bu kitablar ən yaxşı mənbədir.

Yaqub Əlioğlunu yəqin ki, ədəbi mühitdə az adam yazıçı kimi tanıyır. Amma Yaqubun ədəbi dərgilərdə və “Güllələnmə” adlı hekayələr toplusunda elə sənət nümunələri var ki, onlar barədə ədəbi tənqidin susmasını ədəbi mühitə qarşı biganəlik adlandırardım. Həmin hekayələrdən birini – «Şallaqı» mən «Azərbaycan» jurnalında oxumuşam. Amma, oxucu kimi yaddaşıma elə hopub ki, onu unutmaq çətindir. Zəmanəmizin təbirincə desək Avropa standartlarına «cavab verməyən» bu hekayə elə Avropa standartları səviyyəsində yazılıb. Bu nəsr əsəri əri müharibədən qayıtmayan Hürü arvadın hekayətidir, məhəbbət dastanıdır. Ölüm ayağında qadın vəsiyyət edir ki, onun məzarına ərindən yadigar qalan şallağı da qoysunlar. O, şallağı ki, ilk dəfə cızığından çıxanda - əri onunla şallaqlayıb. Məhəbbətini bu yolla izhar edib. Sonrakı on illər ərzində dul qalan qadın həmin

şallağın xofunu daim hiss edir. Əslində şallaq obrazı həyatda olmayan ərinin onun üzərindəki nəzarətidir. Övladı olmadığı üçün ər evini tərk edən qadını həyat yoldaşı yoldaca haqlayıb şallaqla geri qaytarmışdır. Və qadının böyüklüyü ondadır ki, el-obada izzətinin artmasında, ehtiramının saxlanmasında həmin şallağın nə qədər rolu olduğunu yaxşı bilir. Yaqub həmin el-oba içərisində Hürü arvada olan ehtiramı maraqlı təhkiyyə üçulu ilə verir: Əsərin baş qəhrəmanı Gənc oğlan qatar stansiyasından kəndlərinə qədərki vahiməli yolu keçib gedərkən həyətdə ona yatmaq üçün yer açan anasını evdə tapmır. Ana vahiməli yolnan gələn oğlunu da «unudaraq» şallaqla dəfn olunacaq Qadının məclisinə getmişdir. Yaqub bu minvalla Hürü arvada olan ehtiramın böyüklüyünü canlandırır. Digər tərəfdən mən inanıram ki, şallaq obrazı Yaqubun uydurması deyil, həyatdan gələn, olmuş əhvalatdır. Yazıçının isə məharəti ondadır ki, həmin məqamı tuta bilib, onu sənət əsərinə çevrib. Ədəbi tənqidin dili ilə desək, bu fakt Yaqub Əlioğlunun müşahidə qabiliyyətinin dəqiqliyindən xəbər verir.

Yaqubun «Güllələnmə» hekayələr toplusunda bu cür diqqəti çəkən bədii yazıları az deyil. Elə «Güllələnmə» hekayəsini götürək. Şamama arvad küçəyə atılmış, köməksiz küçüyü şala büküb, evinə gətirir. Bozdarı özünə arxa, dayaq bilir. Onu ac, susuz qalmağa qoymur. Boğazından kəsib ona yedizdirir. Bəs Bozdar?! Günlərin bir günündə bir parça ətə aldanıb, oğruları həyətə buraxır və… Və Şamama arvad oğruları buraxdırır, nə qədər ağır olsa da Bozdarı öz əli ilə güllələyir.

Yazmaq yazıçıdan, yozmaq oxucudan prinsipi ilə yanaşsaq mən Bozdarın simasında nəfsinə uyub qanunları satan, bununla da Bozdar kimi doğma ocağına – Vətəninə, dövlətçiliyinə xəyanət edən məmurları görürəm.

Yaqubun «Kürəkən təqdimatı», «Qaşqa» və digər hekayələrində də belə ibrətamiz məqamlar az deyil. Ümumiyyətlə, onun hər hekayəsi pritçadır, hədisvaridir. Ədəbiyyat sərraflarımızdan biri İntiqam Qasımzadənin sözləri ilə desək, o, heç nəyi «uydurmur», sünilikdən, qondarmaçılıqdan qaçır». Onun bu sahədəki fəaliyyəti fotoqraf sənətini bənzəyir. Axı, fotoqrafın çəkdiyi, insanları heyrətə gətirən məqamlara minlər, milyonlar baxıb. Amma görə bilməyib.

Bu hekayələr üçün yığcam süjet xətti, sadə dil, sətiraltı mənalar xarakterikdir.

Yaqub tərcüməçilik sahəsində də qələmini sınayıb. O, əsasən dünya dramaturgiyasının ən yaxşı nümunələrini dilimizə çevirib. Əslində bu tərcümələr onun bir teatrşünas kimi sənətinə sədaqətdir. O, dünya dramaturgiyasından bəyəndiyi nümunələri səhnəmizdə görmək istəyir. Teatrlarımıza və rejissorlarımıza kömək məqsədilə onları dilimizə çevirir. Əlcəzairli Katib Yasinin «Aqillik tozu», fransız Egen İoneskonun «Keçəl müğənni», çex Vaslov Qavelin «Rəsmi qəbul», macar Laslo Dyurkonun «Mənim məhəbbətim Elektra» və şair ona yaxın xarici pyes onun tərcüməsində dilimizdə səslənmiş, tamaşaya qoyulmuşdur.

Yaqub Əlioğlu bu gün səssiz – səmirsiz, haysız-küysüz öz işi ilə məşğuldur. Xalqına bu yolla xidmət edir, sadəliyi, təvazökarlığı ilə seçilir. Bu məqamda bir sual ortaya çıxır. Bu qədər işi görən Yaqub Əlioğlunun biz nə dərəcədə tanıyırıq, onun zəhmətini nə dərəcədə işıqlandıra bilmişik?! Şəxsən mənə bu sualın cavabını vermək çox çətindir. Qoy sualın cavabını həmin sahədə çalışan institutular, tədqiqatçılar versinlər.

Atababa İSMAYILOĞLU