Bu il dünya İKT bazarının həcmi 2,4 faiz artacaq

18 İyul 2017 18:45 (UTC+04:00)

“Gartner” analitik şirkəti 2017-ci ildə dünya informasiya-kommunikasiya texnologiyaları (İKT) məhsul və xidmətlərinin satış həcminin 3,5 trilyon dollar təşkil edəcəyini proqnozlaşdırır. Bu, 2016-cı ildə qeydə alınan göstəricidən 2,4 faiz çoxdur. Şirkət analitiklərinin qənaətinə görə, rəqəmli dünya biznesi müasir biznesin inkişafına böyük təsir göstərir. Proqram təminatı, xidmətlər və intellektual mülkiyyətin birləşdiyi çoxlu yeni məhsul kateqoriyaları yaranır. Onlar “Əşyalar interneti, “Blocchain”, intellektual kompüterlər kimi yeni texnoloji platformalara əsaslanır və bu platformalar bazarda artım amilinə çevrilir.

Proqnozlara görə, cari ildə korporativ proqram təminatının satışı 7,6 faiz artaraq 351 milyard dollara çatacaq. Məhz proqramlar rəqəmli biznesdən qazanc götürməyə imkan verir və yeni funksiyalarla təchiz edilən kompüter və yeni proqramlara tələbatı artır. Analitiklər qeyd edirlər ki, təkcə “SaaS” əlavələrindən deyil, “bulud” informasiya texnologiyaları idarəetmə vasitələrindən (ITOM) istifadə genişlənir.

Həmçinin bu il qurğuların (masaüstü və mobil fərdi kompüterlər, klaviaturalı planşetlər, telefonlar) satış həcmi 3,8 faiz artaraq 654 milyard dollar təşkil edəcək. Bundan əlavə, informasiya texnologiyaları xidmətlərinin satışının 3,1 faiz yüksələrək 922 milyard dollara, rabitə xidmətlərinin 0,3 faiz artaraq 1,378 trilyon dollara çatacağı gözlənilir.