Naxçıvan Ali Məclisində mükafatların təqdimatı olub

17 İyul 2017 19:27 (UTC+04:00)

İyulun 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikasının orden, medal və fəxri adlarının döş nişanlarının və vəsiqələrinin təqdimat mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanları çalışdıqları sahələrdə fərqlənərək ölkəmizin ali mükafatlarına layiq görülmələri münasibətilə təbrik edib, onlara təşəkkürünü bildirərək deyib: Ölkəmizdə bütün sahələr inkişaf etdirilir. Bu inkişafda fərqlənənlərin əməyi isə dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. O ölkədə inkişaf təmin olunur ki, orada sabitlik, müəyyən olunmuş inkişaf yolu və dövlət-xalq birliyi olsun. Bunların hər biri Azərbaycanda vardır. Ulu öndərimiz Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda ölkəmizdə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycanda milli dövlətçiliyin və inkişafın əsası qoyulmuşdur. Əgər 1969-cu ilə qədər Azərbaycan Sovetlər Birliyinin aqrar əlavəsi kimi tanınırdısa, artıq Ulu Öndərin rəhbərliyi ilə 1970-ci ildən sonra ölkəmiz Sovetlər Birliyinin inkişaf etmiş respublikaları sırasında birinci yeri tutaraq dotasiyasız yaşayan respublikaya çevrilmişdir. Bununla da ölkəmizin gələcək müstəqilliyi üçün əsas yaradılmışdır. Azərbaycanın müstəqillik əldə etdikdən sonra qısa zamanda inkişaf etməsi və müstəqil dövlət kimi yaşaması da Ulu Öndərin həmin dövrdə həyata keçirdiyi tədbirlər nəticəsində mümkün olmuşdur.

Ali Məclisin Sədri deyib: Azərbaycanda müstəqilliyin təməli 1969-cu ildə qoyulubsa, onun inkişafı isə Ulu Öndərimizin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Bu dövrdə qəbul edilən qərarlar və həyata keçirilən islahatlar Azərbaycanın müstəqil dövlət kimi inkişafını təmin etmişdir. Dahi şəxsiyyətin müəyyənləşdirdiyi yol bu gün də ölkəmizdə uğurla davam etdirilir. Ölkə Prezidentinin bu yola sədaqətinin nəticəsidir ki, Azərbaycanda inkişaf, sabitlik və dövlət-xalq birliyi vardır. Bu gün ölkəmiz inkişaf edərək dünya dövlətləri sırasında öz layiqli yerini tutmuşdur. Bu inkişafın hərəkətverici qüvvəsi dövlətdirsə, onun təminedici qüvvəsi xalqdır. Ölkəmizdə davamlı inkişafın təmin olunması, müstəqilliyimizin daha da möhkəmləndirilməsi həm də dövlət-xalq birliyinin nəticəsidir. Bu inkişafda fərqlənənlərin dövlət mükafatları ilə təltif olunması isə insan əməyinə verilən qiymətin daha bir ifadəsidir.

Ali Məclisin Sədri təltif olunanları bir daha təbrik edib, onlara işlərində uğurlar arzulayıb.

Sonra Ali Məclisin Sədri Azərbaycan Respublikasının orden, medal və fəxri adlarının döş nişanlarını və vəsiqələrini təltif olunanlara təqdim edib.

Təltif olunanlardan Fazil Ələkbərov, İbrahim Rəsulov, Kəmalə Qurbanova, Rasim Hüseynov, Əli Rzayev, Natiq Əliyev və Turqayə Əliyeva minnətdarlıq edərək deyiblər ki, Naxçıvanda ictimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələrində inkişaf təmin edilib. Bu inkişafda pay sahibi olub dövlət mükafatları ilə təltif olunmaq ikiqat şərəfdir. Təltif olunanlar əmin ediblər ki, ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən inkişaf, tərəqqi və sabitlik yoluna bundan sonra da sadiq qalacaq, göstərilən etimadı öz fəaliyyətləri ilə doğruldacaqlar.