"Gənc Heydərçilər" Qusara istirahətə yola salınıb

17 İyul 2017 17:21 (UTC+04:00)

Müdafiə Nazirliyi ilə Səbail rayon icra hakimiyyətinin birgə layihəsi əsasında ön cəbhə xəttində xidmət edən hərbi qulluqçuların övladları, şəhid uşaqları, eləcə də rayonun məktəblərində təhsildə fərqlənən şagirdlərdən ibarət 150 nəfərlik qrup Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə təşkil olunan hərbi-vətənpərvərlik təmayüllü "Gənc Heydərçilər" yay düşərgəsinə yola salınıb. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bununla bağlı Sahil bağında keçirilən mərasim Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev və Səbail rayon icra hakimiyyətinin başçısının birinci müavini Xalidə Bayramova ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yeniyetmə və gənclərin sağlam böyüməsi, gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, yeniyetmələrə olan diqqət və qayğıdan danışıblar. Düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai hərbi hazırlıq müəllimləri, həmçinin hərbi hissənin zabitləri, çavuş və əsgərlərindən ibarət qrup məşğul olacaq.

Düşərgənin hərbi-vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq uşaqlar üçün xüsusi geyim, lazımi idman ləvazimatları alınıb. Yola düşməzdən əvvəl "Gənc Heydərçilər" Fəxri Xiyabanda ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət ediblər. Düşərgədə yeniyetmələr gündə dörd dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin ediləcəklər. Uşaqlar hərbi hissənin döyüş texnikası və silahları ilə tanış olacaq, Qusar rayonunun görməli yerlərinə, mədəniyyət abidələrinə ekskursiya edəcəklər.