Bakı Yay Ətraf Mühit Məktəbi uğurla başa çatdı

15 İyul 2017 14:37 (UTC+04:00)

12-14 iyul 2017-ci il tarixində Qərb Universitetivə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı İdarə Olunması” Proqramı birgə ətraf mühitin mühafizəsinə dair Bakı Yay Ətraf Mühit Məktəbini təşkil etmiş və uğurla başa çatdırmışdır. Harvard Universitetinin metodologiyası əsasında hazırlanmış üç günlük təlim proqramına ətraf mühit, ekologiya, kənd təsərrüfatı, ekoturizm, torpaq idarəçiliyi və digər sahələrin əməkdaşları olmaqla 20 iştirakçı qatılmışdı. Bu təlim proqramı çərçivəsində iştirakçıların ekosistem xidmətlərinin inkişaf planına daxil edilməsi mövzusunda dərin biliklər əldə etmək imkanı olmuşdur. Sonunda, iştirakçılar sertifikatla təltif olunub.

Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən həyata keçirilən GİZ-in “Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı İdarə Olunması” proqramı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində indiki və gələcək nəsillər üçün biomüxtəliflik və ekosistem xidmətlərini qorumaq və mühafizə etmək məqsədini daşıyır. Proqramın hazırkı fəaliyyəti milli, yerli və regional istiqamətlərdə həyata keçirilir.

Ölkənin aparıcı təhsil ocaqlarından olan Qərb Universiteti növbəti tədris ilindən etibarən “Ekologiya mühəndisliyi” ixtisası üzrə kadr hazırlayacaq. Eyni zamanda universitetdə bu sahə ilə bağlı ən yüksək standartlara cavab verən laboratoriyaların qurulması istiqamətində addımlar atılıb. Laboratoriyaların təşkili bu sahədə böyük təcrübəsi olan alman şirkətləri ilə birgə həyata keçirilir. Ən müasir cihazlarla təchiz olunacaq laboratoriyalarda aparılacaq bir sıra təcrübə və tədqiqatlar ölkə üzrə ilk dəfə Qərb Universitetində reallaşdırılacaq.