Prezident Süleyman İsmayılovu təltif etdi

13 İyul 2017 13:59 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Süleyman Abbas oğlu İsmayılovun “Şöhrət” ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.

Süleyman İsmayılov 14 iyul 1957-ci ildə Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir.

1982-ci ildə Bakı Komissarı adına Rayonu 236 nömrəli orta məktəbdə müəllim, 1982-1986-cı illərdə Azərbaycan LKGİ 26 Bakı Komissarı adına Rayon Komitəsində təlimatçı, 1986-1991-ci illərdə 26 Bakı Komissarı adına Rayon Xalq Nəzarəti Komitəsində təlimatçı-müavin, 1991-ci ilin may-sentyabr aylarında 26 Bakı Komissarı adına Rayon Partiya Komitəsində təlimatçı, 1991-1992-ci illərdə Bakı "Spessistemservis" İstehsalat sahəsində hüquq məsləhətçisi, 1992-1994-cü illərdə Naxçıvan MR-nin Bakı şəhərindəki Daimi Nümayəndəliyində mütəxəssis, baş mütəxəssis-müavin, 1994-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Ümumi şöbəsində Ümumi sektorun müdiri, 1996-2005-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Ümumi şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edilmişdir.