Qəmbərin sağalmaz İSAVATÇILIQ xəstəliyi

2 Fevral 2017 10:03 (UTC+04:00)

Uzun müddət arada-bərədə görünməyən İsa Qəmbərin M.Ə.Rəsulzadənin doğum günündə Novxanıya gedərək, onun heykəli qarşısında bolşeviklik etməsi əslində gözlənilən idi. Birini qoyum, birini deyim...O günləri bir neçə həmkarla çay süfrəsi arxasında ordan-burdan söhbətləşirdik və söz uzanıb gəldi müxalifətə, daha dəqiqi İsa Qəmbərin üstünə...

Ki, bəs çoxdandır ortalıqda görünmür, səsi-pəsi kəslilib və s. Həmkarlardan biri qayıdıb dedi ki, bir neçə gündən sonra Novxanıya gedib ildə iki dəfə olduğu kimi yenə də "quş buraxacaq". Birdən yadımıza düşdü ki, bəs yanvarın sonunda ADR qurucusu M.Ə.Rəsulzadənin doğum günüdür və hər il onun bir doğum, bir də vəfat etdiyi günlərdə parçalanmış, dağılmış, viran qalmış müxalifət ayrı-ayrılıqda fürsətcillik edərək, heykəlin qabağında qışqırıb-banlayıb qayıdacaqlar geriyə. Adını da qoyacaqlar ki, biz M.Ə.Rəsulzadənin "varisləriyik". Və burada daha çox yenə də İsa Qəmbər hapa-gopa basacaq. Necə ki, bu dəfə də elə oldu. 1992-ci ildə hakimiyyətdə olduğu dövrlərdə ikinci hakim partiya yaradaraq adını "Müsavat" qoyan İsa Qəmbər həmin vaxtdan başlayaraq iddia etdi ki, bəs rəhmətlik M.Ə.Rəsulzadənin tarixi Müsavatını guya ki, "bərpa" edib (?!-R). Bir soruşan olmadı ki, ayə, ay yarımçıq aspirant, ağzına qəlyan qoyub parlamentdə hegemonluq etməklə, ölüm hökmlərinin icrasına imza atmaqla tarixi Müsavata sahib çıxmaq sənin işin deyil. Sən uzağı-uzağı gələcəkdə öz şəxsi mənfəətlərini təmin etmək məqsədilə İSAVAT partiyasını yaradıb orada "qərə-qürə" işlərini reallaşdıra bilərsən!

...Və uzun illər keçdikdən sonra bu İsavatın sıralarını onlarla insan tərk etdi. İndi həmin bu Qəmbərin yaxasından tutub soruşan yoxdu ki, ay filankəs, əgər sən yaratdığın İsavatı M.Ə.Rəsulzadənin tarixi "Müsavat"ının varisi hesab edirsənsə, onda bu gün parçalanmış, dağılmış, məhv olmuş həmin siyasi təşkilat elə rəhmətlik M.Ə.Rəsulzadənin ruhunun parçalanması deməkdir. Yəni İsa Qəmbər gedib M.Ə.Rəsulzadənin heykəlinin qabağında 2018-ci ili "Müsavat ili" elan etməklə heç də kimlərinsə qabağında özünü reklam-zad etdirməsin. Çünki onun bu cür çıxışları heç də İsavatın "Müsavat" olmasını təsdiq etmir, heç etməyəcək də...

Qaldı ki, onun 2018-ci il xəyallarına, yaxşı olardı ki, İsa Qəmbər həmin sərsəm iddialarının, ordan-burdan qaldığı pul-paralar hesabına danışdığı sərsəm fikirlərinin yerinə, gedib özünü yaxşıca müalicə etdirsin. İSAVAT xəstəliyindən...

P.S. Heç bir yerdə çalışmayan, uşaqlarını xaricdə oxutduran bir siyasi xəstənin bugünə qədər əldə etdiyi pullarını haralardan əldə etməsi yəqin ki, hər kəsə gün kimi bəllidir. Necə ki, 2003-cü ilin prezident seçkilərindən sonra ruhi stressə qapandığını iddia etməklə və evdə oturmaqla 3 milyon dollar qazanmışdı, ya da 2013-cü ildə "Milli Şura"dan çıxmaqla filan qədər paranı basmışdı cibişdanına. Görəsən, indi ona nə qədər veriblər ki, binəvanın yenidən İSAVATÇILIQ xəstəliyi baş qaldırıb?