Xain FETÖ planı Azərbaycanda ifşa olunur! ARAŞDIRMA

23 Avqust 2016 15:44 (UTC+04:00)

(Məqalənin əvvəlini buradan oxuyun: http://sia.az/az/news/politics/560328-xain-feto-plani-azerbaycanda-ifsa-olunur)

Ötən ay qardaş Türkiyədə Fətullah Gülənin lideri olduğu FETÖ təşkilatının uğursuz qiyamından sonra bu ölkədə ciddi araşdırmalara başlanıldı və müəyyən olundu ki, dövlətin aparıcı strukturlarına yerləşdirilən nurçular sektası məqsəd olaraq, qanuni, demokratik hakimiyyəti ələ keçirməyə cəhd göstəriblər. Hətta bunun üçün uzun illər xain planlarını realizə edərək, paralel hökumət qurub vəzifələrini bu və ya digər şəkildə icra ediblər. Artıq Türkiyədə bu istiqamətdə əməliyyat-istintaq tədbirləri aparılır, dövlətin daxilinə qədər yerləşdirilmiş FETÖ üzvləri ifşa olunaraq məhkəmələr qarşısına çıxarılırlar.

Lakin son günlər xain FETÖ planının Azərbaycanda da realizə edilməsi hallarının baş verməsi müxtəlif faktlara və sübutlara söykənən dəlillərlə üzə çıxmağa başlayıb. Artıq sirr deyil ki, Fətullah Gülən şəbəkəsinin Azərbaycanda qolları çox uzundur və onlar hakimiyyət orqanlarının yuxarı postlarına, Milli Məclis orqanlarına və s. qədər yayılıblar. O cümlədən, hakimiyyət daxilində uzun illər çalışmış gülənçilər AXCP sədri Əli Kərimli ilə gizli işbirliyinə gedərək, bu və ya digər şəkildə FETÖ liderinə "hizmətçilik" ediblər.
Bu məqsədlə, "SƏS" qəzeti olaraq sözügedən istiqamətdə daxili araşdırmalarımızı davam edirik.

Fətullah Gülən hələ 25-30 il öncədən öz planlarını Azərbaycan üzərində qurmağa başlayıb

Qeyd edək ki, Prezident Administrasiyasında Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsini icra etmiş, ifşa olunduqdan sonra işdən azad edilmiş Elnur Aslanovun, Milli Məclisin abiq deputatı, o cümlədən, "İrəli" İctimai Birliyinin keçmiş təsisçisi Ceyhun Osmanlının, eləcə də ABŞ-da fətullahçı dairələrlə sıx iş birliyində olan keçmiş ANS-çi - Ceyhun Osmanlıyla qohumluq əlaqələrində olan Sevinc Osmanqızının və Azərbaycan müxalifətinin "lideri" pərdəsi altında AXCP sədri Əli Kərimlinin FETÖ təxribatçı-terrorçu təşkilatının Azərbaycan üzrə "hizmətçiləri" rolunu oynamaları faktorları barədə ötən araşdırmamızda müxtəlif faktlara əsaslanaraq vurğuladıq. Lakin biz bu dəfə FETÖ-nün Azərbaycanda təşkilatlanması ətrafında da bəzi məqamlara, araşdırmalar nəticəsində üzə çıxardığımız faktlara toxunaraq, bir sıra ilginc amilləri oxucularımızın diqqətinə çatdırmaq istərdik. Bir daha xatırlatmaq yerinə düşərdi ki, Fətullah Gülənin siyasi gedişlərinin kökündə əsas olaraq "təhsil və maarifləndirmə" yolu ilə hakimiyyəti ələ almaq iddiaları dayanıb. FETÖ liderinin "dünyəvilik" prinsipləri adı altında dini-nurçuluq sektasının qanunlarını uşaqlara, yeniyetmə və gənclərə aşılanması prinsipi onun açdırdığı məktəblər vasitəsilə reallaşdırılırdı. Dünyanın müxtəlif bölgələrində - Afrikada, Asiyada, Avropa və ABŞ-da, həmçinin post-sovet ölkələrində Fətullah Gülən məktəbləri fəaliyyət göstərir, o bu vasitə ilə özünə yeni "hizmətçilər" hazırlayır, həmin vasitə ilə nəniki Türkiyənin, o cümlədən dünyanın hakim dairəsinə çevrilməyə çalışırdı. Əbəs yerə deyil ki, Fətullah Gülən Türkiyədə çevrilişi etdikdən sonra növbəti hədəfini post-sovet məkanı olaraq seçəcəkdi. Bu çevriliş məkanında isə Azərbaycan birinci yeri tuturdu. Ona görə də bu təhlükəli şəxs hələ 25-30 il öncədən öz planlarını Azərbaycan üzərində qurmağa başlayıb.

Biz ötən araşdırmamızda da da qeyd etmişdik ki, Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsi məhz o zamankı AXC hakimiyyətinin xeyir-duası ilə açıldıqdan sonra "Çağ ögretim" kursları, Qafqaz Universiteti və s. təhsil müəssisələri İslam dini pərdəsi altında qeyri-ənənəvi nurçuluq sektasına məxsus ideologiyaları tətbiq etməyə başladı. Bu zaman sual yaranır: ğlkəmizə ilk ayaq açan nurçular kimlər olub və Fətullah Gülənin onlara verdiyi təlimatlarının birinci hissəsində hansı məqamlarla rastlaşmaq mümkündür?

FETÖ-nün 6 №-liləri kimlərdir?

Məsələn, FETÖ liderinin nəzarət dairəsi altında olan şəxslər adları ilə deyil, nömrələrlə çağırılıblar. Məkltublaşmalar, elektron yazışmaların hər birində verilən təlimatlara uyğun olaraq şəxslər adları ilə deyil, onlara verilmiş rəqəmlərlə şağırılıblar. Bu rəqəmlər 1-dən 7-yə qədər olub. Bu kodlu say sistemində ən etibar edilən şəxslərdən biri də 6 №-lilər olub. Məhz 6 №-lilər nurçuluq ideologiyasının təbliğatı üçün xarici ölkələrə göndərilənlərdən ibarət qruplar olublar. Onlar 1992-ci ildən başlayaraq, Azərbaycana yığışmağa başlayıblar. Həmin ərəfələrdə Fətullah Gülənin 11 nəfər adamı Azərbaycana gəlir. İlkin məqsəd Azərbaycandakı vəziyyətlə yerindəcə tanış olub bu barədə Fətullah Gülənə məlumat verməkdən ibarət olub. Xatırlatmaq yerinə düşərdi ki, bu TV daha öncədən Fətullah Gülənin "Samanyolu" vəqfi kimi fəaliyyət göstərib. Vəqfin yaradılması prosesi isə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ, yaxud CİA) tərəfindən hazırlanıb. Sonradan "Samanyolu" TV-ə (STV) çevrilərək, əsas təbliğat ruporlarından biri oldu. STV vasitəsilə "Gülən hərəkatının" post-sovet ölkələrində yayılması haqqında getmiş bir neçə seriyalı sənədli filmdə də qeyd olunur. Onlardan biri də Azərbaycandır. Ölkədə cərəyan edən hadisələr fonunda din və islamçılıq, türkçülük pərdəsi altında öncə Gürcüstana, ardınca isə Azərbaycana gəlmələrini əks etdirən filmdə ara-sıra Fətullah Gülənin "siyasi gedişləri" aşkar şəkildə görünməkdədir. (Mənbə: https://www.youtube.com/watch?v=QDawW2NSsvg) və (Mənbə: https://www.youtube.com/watch?v=MFH-MAAafHk).

Qeyd edək ki, həmin vaxtlar yerlərdə təşkilatlanmış Azərbaycan Xalq Cəbhəsi (AXC) gülənçiləri qarşılayır, onların səfərlərini təmin edirdilər. Məhz bir il sonra – 1992-ci ildə AXC-nin iqtidarı ələ keçirdi və Fətullah Gülənin Azərbaycandakı təşkilatının sürətlə formalaşması sisteminə keçid baş verdi.

Beləlkilə, Halit Esendir, Sadetdin Başar, Mehmet Tanrısever, Sadetdin Kültürel, Cahid Deyerli, Muammer Türkyılmaz, Mehmet Şefki Erol və digərləri olan 11 nəfərlik gülənçi qrupun bu şəkildə ölkəmizə ayaq açmaları görünməkdədir. Onlar Azərbaycanın Qazax rayonundan keçərək Xalq Cəbhəsi Hərəkatının nümayəndələrinin müşayiəti ilə Gəncəyə, oradan da Bakıya gəlirlər və s.

Türkiyəyə geri döndükdən - yəni kəşfiyyat məqsədli səfərdən sonra Fətullah Gülən onlara mütləq Azərbaycana getməli olduqları tapşırığını verir. Növbəti dəfə isə onların sayı artırılır. Bu dəfə Gülən Azərbaycana 20 nəfərlik bir qrup göndərir.

Fətullah Gülən: "Ölənə qədər Azərbaycanda qalacaqsınız!"

Fətullah Gülənlə görüşən heyət üzvləri geri qayıtmamaq üçün yenidən Azərbaycana getməyə and içirlər. Fətullah Gülən Azərbaycana gələcək heyət qarşısında bir müddət danışdıqdan sonra son söz olaraq belə deyir: "...Döyənə qarşı əlsiz, söyənə qarşı dilsiz olun. Media gücünüz orada göstərəcəyiniz təhsil fəaliyyətinin yol açacaq rəhbəri, qoruyucusu, ildırımı yönəldən ruporu olacaq. Səbir edin, tələsməyin. Həmən meyvə gözləməyin. Bir nəsil yetişdirmək ən azı 25 il istəyir. "Olmur" deyərək, ümidsizliyə düşməyin."

Hətta "hizmətçilərindən" biri Fətullah Güləndən soruşanda ki, "Hocam, orada nə qədər qalacağıq", -FETÖ lideri bildirir: "On il, iyirmi il, otuz il, ölənə qədər!"

Bəli, məhz həmin dövrlərdən – Fətullah Gülənin dediyi zamanlardan 24-25 il keçir və göründüyü kimi, ötən illər ərzində FETÖ liderinin də dediyi kimi 6-№-lilər bir çox media orqanlarında təbliğat işlərini yaxşı aparıblar.

Nəticə isə göz önündədir – Türkiyədə qiyam cəhdi və bu baş tutacaqdısa, buradakı emissraları vasitəsilə Azərbaycana qarşı qurulmuş çirkin planların icrası.

Nuruluq sektasının ideologi xidmətində əsas yerlərdən birini tutan "Çağ ögretim" kurslarının açılışı da maraqlı faktlara söykənir.

Lökbatandan başlanan "Risaleyi nur" və hakimiyyətə doğru can atan AXC-nin iş birliyi əslində, 1991-ci ildən başlayır

Məsələn, Fətullah Gülənin "hizmətçilərindən" biri olmuş Hilmi Öney adlı iş adamı həyat yoldaşı Səlma Öney və üç uşağı ilə birlikdə 1991-ci ilin may ayında Azərbaycana köçən ilk fətullahçılardan hesab oluna bilər. O, Türkiyədə hər şeyini sataraq, Azərbaycana gəlir və Bakıda Lökbatan qəsəbəsində ev alır. Artıq həmin illərdə AXC-nin ölkədəki vəziyyəti nəzarəti altına alması prosesinə başlanılır ki, bu məsələdə AXC tərəfindən Hilmi Öneyə dəstək göstərilir. Hilmi Öney tez bir zamanda özünə büro açaraq Fətullah Gülənin əsas kitabı olan "Risaleyi nur" çərçivəsində plan-proqram hazırlayır. İlk olaraq "Azer-Türk" adlı bir inşaat şirkəti açaraq, onun adı altında gəncləri və yeniyetmələri bu şirkətə cəlb etməyə başlayır. Sonradan, məhz AXC iqtidara yiyələndikdən sonra "Çağ ögretim" tələbə və məktəb işləri ilə maraqlanır, bu istiqamətdə işlərə start verilir.

Diqqətçəkici məqamlardan biri də Hilmi Öneyin daha çox nəzər cəlb etməməsi üçün Türkiyə ilə tələbə mübadiləsi məsələsi üzərində plan tərtib etməsidir. O, çıxışlarının birində adını çəkmədiyi texnikumlardan birinin Mirdamət adlı direktoru ilə bu mübadiləni həyata keçirdiyini deyir. Yuxarıda verilmiş linklərdə bu barədə təfsilatlı məlumat var. Bunun ardınca, Hilmi Öney tələbələrin göndərilməsi üçün bir toplantı keçirir və toplantıda iştirak edən Azərbaycan Pedaqoji Universitetinin müəllimi Mehdi Ağayev ilk tələbələrin göndərilməsi üçün təşkilatçılıq edir. Türkiyəyə aparılması üçün bir çox tələbə arasından çox az sayda gənc seçilir. Bu isə seçilmiş gənclərin gələcəkdə FETÖ üçün daha yararlı "kadrlar" hazırlamaq və sonda Azərbaycana qarşı işlətmək məqsədi daşıyan faktor kimi ilginc məqamlardandır.

1992-ci il, sentyabrın 4-də Azərbaycanın Xalq Təhsili Nazirliyi Bakıda ilk özəl türk liseyinin fəaliyyətə başlaması ilə bağlı "Çağ Öyretim İşletmeleri Şirketi" ilə müqavilə imzalayır. "Çağ Öyretim İşletmeleri Şirketi" bilavasitə "Hizmet"in bir strukturu, Gülənin planlarının tərkib hissəsi idi.

Həmin dönəmdə Əli Kərimli artıq dövlət katibi idi, təhsil də məhz onun kurasiyasında idi!

Təbii ki, buna ən çox sevinənlərdən biri həmin dönəmdə prezidenti Əbülfəz Elçibəyin ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri, sonradan isə dövlət katibi olmuş 27 yaşlı Əli Kərimli idi. Onun "Çağ" şirkəti və Gülənin tərəfdarları ilə əlaqələri də məhz o zaman başlanmışdı. Bir il sonra isə - 1993-cü ilin mayın 1-də Xalq Təhsili Nazirliyindəki Ali Ekspert Komissiyası 1/11 saylı göstərişi ilə Azərbaycanda Qafqaz Universitetinin yaradılmasına qərar verdi. Həmin dönəmdə Əli Kərimli artıq dövlət katibi idi, təhsil də məhz onun kurasiyasında idi!

Həmin ərəfələrdə nurçuların media imperiyasının aparıcı yazılı orqanlarından hesab edilən və Fətullah Gülənin "benim amiral gemim", yəni "mənim admiral gəmim" dediyi "Zaman" qəzeti həmin günlərdə böyük məqalə dərc etmişdi və məqalənin başlığı bu cür qoyulmuşdu - "Hedefimiz Azərbaycan!" Əslində, bu başlıq FETÖ-nün illər sonrakı planlarının şifrəsi idi!

Türk İş Adamları Cəmiyyətinə üzv olmaq şifrəsi

1992-ci ildən başlayaraq, AXC iqtidarının dəstəyi ilə Türkiyədən Azərbaycana gələn gülənçi iş adamlarının da sayı sürətlə artmağa başlayır. Məsələn, araşdırmalarımız nəticəsində əldə etdiyimiz faktlardan birinə görə, ailəsi ilə Azərbaycana köçən ikinci "Gülən camaatı" üzvü Ali Osman Uysal olur. Onun ardınca isə Fethin Kazancı və Faik Başoğlu adlı iş adamları da Bakıya gəlirlər. Onlar tikinti-inşaat işi adı altında təlimatlarını icra etməyə başlayırlar. Həmçinin, digər türkiyəli iş adamlarından fərqlənmələri üçün "hizməçilərdən" ibarət olan iş adamları Azərbaycana gələndə Türk İş Adamları Cəmiyyətinə üzv olurdular ki, bu da özəl şifrələrdən biri idi.

Ümumiyyətlə, FETÖ təşkilatının ölkəmizdə ayaq açıb yeriməyə başlamasının ardınca ötən illər ərzində dövlətin bir çox strukturlarında, hətta güc və digər əhəmiyyətli strukturlarında onların adamlarının yer alması sonradan Fətullah Gülənin himayəsində olan digər şirkətlərin Azərbaycanda ayaq açmasına səbəb olmuşdu.

"Süleymançı"lar, "yusifiyyəçi"lər, "kaplançı"lar və digər 16 nurçu qrup...

Hələ 2014-cü ildə bəlli olmuşdu ki, Azərbaycandakı nurçuların ən geniş şəbəkəsi "Camaatlar İttifaqı" adlı gizli təşkilat fəaliyyət göstərir və görülən tədbirlər nəticəsində bu təşkilatın üzvləri zərərsizləşdirilirlər. Məhz onların da arxasında Elnur Aslanov-Ceyhun Osmanlı ikiliyinin dayanması, o cümlədən, AXCP sədri Əli Kərimlinin dəstək verməsi faktları ifşa olunur. Şəbəkə şəklində fəaliyyət göstərən "hizmətçilər", özlərini ayrı-ayrı adlarda - "süleymançı"lar, "yusifiyyəçi"lər, "kaplançı"lar və digər 16 nurçu qrup adlarında çağırırdılar. Onların Azərbaycanda qeyri-rəsmi şəkildə mədrəsələr yaratmaları da bəlli olmuşdu. Eləcə də "Nil Kitap Kırtasiyyə" kitab mağazalarında heç bir məhdudiyyət qoyulmadan satılan "nurçu" risalələr, təbliğ olunurdu. Məsələn, əsas strateji hədəf kimi "İki Mektep-i Müsibetin Şahadetnamesi Yahut Divani- Örfi ve Said-i Küdr-i" "Risaleyi nur" və s. kitablar hesab olunurdu ki, hazırda həmin kitablar məhz bugünlərdə həbs olunan AXCP sədri Əli Kərimlinin müavini, eləcə də "Azadlıq" qəzetinin direktoru Faiq Əmirlinin maşınının yük yerindən tapılıb. Bu kitablar Azərbaycanda dini, mənəvi, ictimai, mədəni, ticarət, bank, sənaye sahələrində "nurçu"luq xəstəliynə tutulanları öz niyyətlərinə uyğun yönəltmək, idarə etmək mahiyyəti əsas hədəf kimi götürülərək çap edilmişdi. Təbii ki, bu kimi faktların çoxluğu FETÖ təşkilatı və Azərbaycandakı "hizmətçilər" haqqında digər amilləri də araşdırmağa sövq edir. Bu baxımdan, araşdırmalarımız davam edir və yeni faktlarla dəyərli oxucularımızın qarşısına çıxacağıq.

(Ardı var)

Rövşən NURƏDDİNOĞLU