Bakıda Rus Uşaq Ədəbiyyatı həftəsi açılıb

6 May 2015 14:22 (UTC+04:00)

F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən R.Behbudov adına Mahnı Teatrında alman faşizmi üzərində Qələbənin 70 illiyinə həsr olunmuş Rus Uşaq Ədəbiyyatı Həftəsi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir iştirakçıları əvvəlcə rus dilində uşaq kitablarının, əl işlərinin nümayiş etdirildiyi sərgi ilə tanış olublar.

Açılış mərasimində çıxış edənlər tədbirin əhəmiyyətindən danışıblar. Bildirilib ki, tədbiri keçirməkdə əsas məqsəd uşaqları rus xalqının mədəniyyəti, adət-ənənəsi, ədəbiyyatı, musiqisi ilə tanış etmək, dostluq əlaqələrini möhkəmləndirmək, mütaliə mədəniyyəti aşılamaqla istedadlı uşaqları üzə çıxarmaq və maarifləndirməkdən ibarətdir.

Yasamal rayonundakı 24 nömrəli Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin "Səma" rəqs qrupu şən rəqsləri ilə tədbirə rəng qatıb. Rus Uşaq Ədəbiyyatı Həftəsini Xətai rayonu 3 nömrəli uşaq evi təqdim edib. Onların hazırladıqları rus uşaq nağılları əsasında təqdimat iştirakçıların marağına səbəb olub. "Pətək" İctimai Birliyinin kukla teatrının əməkdaşları rus xalq nağılı "Qoğal"ı müasir quruluşda uşaqlara göstəriblər.

Tədbirdə iştirak edən uşaqlara kitabxananın təsis etdiyi "Göy qurşağı" jurnalı hədiyyə olunub.

Rus Uşaq Ədəbiyyatı Həftəsinin digər günləri isə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında təşkil olunan kitab sərgisi ilə mayın 8-dək davam edəcək.