Gözəlliklə gələn təhlükə

28 Oktyabr 2014 04:56 (UTC+04:00)

Xanımlar gözəl görünmək üçün tez-tez saç boyasından istifadə edirlər. Ancaq təhlükəsiz görünən bu vasitələr bəzən ciddi fəsadlara yol açır. Keyfiyyətsiz boya insanda sağalmayan xəstəliklər yarada bilər.

Üzü, qulaqları və başını bürüyən bu yaralar yanığı xatırladır. Halbuki, 39 yaşlı qadını bu hala salan, istifadə etdiyi saç boyası olub. Qadın bütün istifadə qaydalarına əməl etsə də, boyadan sonra sifəti şişib və boya allergik reaksiya göstərib.

39 yaşlı xanımı ölüm ilə üz-üzə qoyan bu təhlükə, əslində saç boyasından istifadə edən bütün xanımlar üçün realdır. Təhlükənin əsas qaynağı isə saç boyalarının tərkibindəki yüksək dozalı kimyəvi maddələrdir. Üstəlik, bunlar sadəcə gözlə görülə bilən əlamətlərdir. Saç boyasının tərkibindəki maddələrin dəriyə nüfuzu və qana keçməsi daxili orqanlara da müəyyən təsirlər göstərməyə qadirdir. Mütəxəssislər bunu boyanın yanlış seçimi və düzgün hazırlanmaması ilə əlaqələndirirlər. Saç boyasından istifadə zamanı müəyyən məqamlara diqqət edilməlidir.

Dermatoloqlar isə boyanı saça qoymazdan əvvəl sınaqdan keçirməyi məsləhət görürlər. Boyanın dəriyə nüfuz etməməsi üçün o, başda yarım saatdan çox qalmamalıdır. Üstəlik boyamazdan əvvəl saçın kirli olması dəriyə dəyən ziyanı azaldır.