"Kaspi" qəzeti Rəsulzadəyə həsr olunmuş "Xüsusi buraxılış" hazırlayıb

"Kaspi" qəzeti sabahkı sayı üçün Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi münasibət ilə "Xüsusi buraxılış" hazırlayıb. SİA-nın verdiyi məlumata görə, redaksiya məqaləsində qeyd edilir ki, yeni tarixinin üçüncü on illiyinə qədəm qoyan müstəqil dövlətimizin gücünü şərtləndirən mühüm amillərdən biri onun Azərbaycan Xalq Cümhuriyyətinin varisi olması və qısa zamanda bu şərəfli ada layiq olduğunu təsdiqləməsidir. 
 
Şərqdə Azərbaycan adlı demokratik dövlətin yaradılması Axundovdan başlanan, böyük pleyada maarifçi-demokrat ziyalılar nəslinin inamla davam etdirdikləri alovlu mübarizənin təntənəsi, məntiqi nəticəsi idi. Bu ziyalılar sırasında Məhəmməd Əmin Rəsulzadənin adı xüsusi qeyd olunmalıdır. Lap gənc, hələ ömrünün yeniyetməlik çağından dövrün qızğın ictimai-siyasi mühitinə atılan Rəsulzadə bir firqə rəhbəri, Milli Şuranın ilk sədri olmaqdan öncə millətini işıqlı sabahlara çıxarmaq istəyən fikir adamı, əsarət buxovlarında qovurulan Rusiya müsəlmanlarının liderlərindən biri, türkçülüyünün parlaq ideoloqu, ərazi muxtariyyətindən qəti istiqlala qədər uzun bir yol qət eləmiş düşüncə adamı, böyük şəxsiyyətdir. 
 
Ümummilli lider Heydər Əliyev 1993-cü il dekabrın 29-da "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalamaqla Cümhuriyyət irsinə nə qədər böyük önəm verdiyini göstərdi. Ötən ilin noyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" sərəncamı ilə bu varislik xəttinin daha inamla, daha cəsarətlə davam etdirildiyini təsdiqlədi. Cənab prezidentin sərəncamı göstərdi ki, Rəsulzadə adı bir firqənin yox, Azərbaycan tarixini yaradan şəxsiyyətlərin cərgəsindədir. 
 
"Xüsusi buraxılış"da M.Ə.Rəsulzadənin çoxşaxəli fəaliyyət sferasını əhatə edən tədqiqat məqalələri yer alıb. 

Şərh yaz