İsveçin Baş Naziri Avropa İttifaqı ölkələrini Brexitə hazır olmağa çağırıb

İsveçin Baş Naziri Stefan Lyöven Avropa İttifaqı (Aİ) ölkələrini Brexitə hazır olmağa çağırıb. Böyük Britaniya İcmalar Palatasında növbədənkənar seçkilərin nəticələri açıqlandıqdan sonra İsveç hökumətinin başçısı bəyan edib ki, Birləşmiş Krallığın Aİ-dən çıxmasına qədər müddətdə problemlərin həlli üçün Avropa ölkələrinin o qədər də çox vaxtı qalmayıb.

SİA xəbər verir ki, İsveç hökumətinin başçısı Britaniyanın Leyboristlər Partiyasının seçkilərdə bu qədər pis nəticə əldə etməsindən məyus olduğunu da bildirib. Onun sözlərinə görə, cümə axşamı keçirilən seçkilərin nəticələri Böyük Britaniya ilə Aİ arasında gələcək münasibətlərə müəyyən aydınlıq da gətirir. Aİ Şurasının Brüsseldə keçiriləcək iclasında iştirak etmək üçün yola düşən Baş Nazir jurnalistlərə deyib: “Böyük Britaniyanın Aİ-ni tək etməsi çox kədərlidir, lakin biz buna hörmətlə yanaşmalıyıq və indi prosesdən maksimum faydalanmaq üçün hazırlaşmalıyıq”.

Qeyd edək ki, son illər İsveç özü də bu prosesin həm yumşaq keçməsinə, həm də “sərt Brexitə” tədricən hazırlaşırdı. Bu məqsədlə böhran ehtimalına qarşı bir sıra dövlət təsisatları üçün fəaliyyət planı hazırlanıb və maliyyə vəsaiti ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə