Gürcüstanda mədəniyyət ocaqlarına ayrılan vəsait artırılacaq

Gələn il yanvarın 1-dən Gürcüstanda çalışan təhsil, mədəniyyət, teatr və muzey işçilərinin əmək haqları artırılacaq. Növbəti ildən mədəniyyət ocaqlarına ayrılan maliyyə vəsaitinin də həcmi artırılacaq. SİA xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə naziri İvane Maçavariani parlamentdə büdcə layihəsinin müzakirəsi zamanı söyləyib.

Nazir deyib ki, ümumilikdə 2020-ci ilin dövlət büdcəsi 14 milyard 432,9 milyon lari təşkil edəcək. Bu vəsaitin də 5 milyon 300 mini muzey və teatr sahəsi üçün nəzərdə tutulub. Maliyyə sənədində Tbilisidə fəaliyyət göstərən Azərbaycan mədəniyyət ocaqlarına ayrılacaq vəsaitin həcmi də göstərilib. Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinə mərkəzi büdcədən 47 min lari həcmində vəsait ayrılacaq. Bu məbləğin 31 min larisi əməkhaqqılarının ödənilməsinə, 16 min larisi isə əmtəə və xidmətlər üçün sərf olunacaq. Bundan başqa, qanunla muzeyə il ərzində 2 min lari həcmində gəlir əldə etməyə icazə veriləcək.

Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı üçün isə 2020-ci ildə 145 min lari dövlət vəsaiti nəzərdə tutulub. Bu vəsaitin 131 min larisi əmək haqları, 14 min larisi isə əmtəə və xidmətlər üçün sərf olunacaq. Eyni zamanda, teatr il ərzində 6 min lari həcmində gəlir əldə edə biləcək. Gürcüstanın gələn il üçün dövlət büdcəsi 83 səs lehinə, 1 səs əleyhinə olmaqla təsdiqlənib. Gələn ilin proqnozlarına əsasən ölkədə ümumi daxili məhsulu istehsalı 4,5 faiz artaraq 53,1 milyard lari olacaq. Büdcə kəsiri ÜDM-in 2,4 faizi qədər proqnozlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə