Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb

Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil yolunda qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

SİA xəbər verir ki, bu barədə Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil yolları departamenti məlumat yayıb.

Məlumatda deyilir ki, Gürcüstandan Rusiyaya gedən Mtsxeta-Stepantsminda-Lars magistralının Qudauri-Kobi hissəsində qoşqulu və yarım qoşqulu nəqliyyat vasitələrinin hərəkəti qadağan edilir.

Gürcüstan ərazisinə yağan güclü qar, havanın kəskin soyuması və yolların buz bağlaması səbəbindən gecə saatlarında minik avtomobillərinin də hərəkətinə məhdudiyyətlər qoyulacağı və tam qadağan ediləcəyi gözlənilir.

Sinoptiklərin məlumatına görə, əlverişsiz və kəskin hava şəraiti noyabrın 25-dək davam edəcək. Çaylarda suyun səviyyəsinin qalxacağı gözlənilir, dağlıq və dağətəyi bölgələrdə torpaq sürüşməsi, qar uçqunu təhlükəsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə