İranda genişmiqyaslı hərbi təlimlər başlayıb

İranın Hava Hücumundan Müdafiə Qüvvələri Semnan vilayətində genişmiqyaslı hərbi təlimlərə başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, hərbi təlimlərdə İrana qarşı atılması ehtimal olunan raketin havada məhv edilməsi manevrləri həyata keçiriləcək.

İranın Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Hüseyn Xanzadə jurnalistlərə bildirib ki, İran Qırmızı dənizə 64 gəmi göndərib. Gəmilərin məqsədi dəniz nəqliyyatının təhlükəsizliyini təmin etməkdir.

Yerli və xarici mətbuatda dərc olunan materialların təhlili deməyə əsas verir ki, ABŞ-ın “Avraam Linkoln” təyyarədaşıyan hərbi gəmisi Hörmüz boğazından Körfəz istiqamətinə irəliləməyə başlayıb. ABŞ-ın Müdafiə Nazirliyi bu barədə açıqlama yayaraq bildirib ki, dəniz ticarət yollarının təhlükəsizliyini təmin etmək məqsədilə “Avraam Linkoln” gəmisi dislokasıya yerini dəyişərək Körfəzə göndərilir.

Bəzi mətbuat orqanları yazırlar ki, İran da, ABŞ da Körfəzə və Hörmüz boğazına hərbi kontingent göndərməklə təhlükəsizliyi təmin etdiklərini bildirirlər. Əgər hər iki tərəf təhlükəsizliyi təmin edirsə, görəsən, bu təhlükə haradan gəlir?

Bütün xəbərlər Facebook səhifəmizdə