İranda iğtişaşlarda təhlükəsizlik qüvvələrinin 3 əməkdaşı öldürülüb

İranın Tehran əyalətində benzinin bahalaşması ilə bağlı baş verən iğtişaşlarda təhlükəsizlik qüvvələrinin 3 nəfər əməkdaşı öldürülüb.

SİA-nın xəbərinə görə, bu barədə İSNA agentliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, baş verən iğtişaşlar zamanı etirazçılar təhlükəsizlik qüvvələrinin əməkdaşlarını mühasirəyə alaraq, onları soyuq silahlarla qətlə yetiriblər.

Məlumatda qeyd olunub ki, öldürülənlər arasında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir nəfər əməkdaşı və “Bəsic” təşkilatının iki nəfər əməkdaşı var.

Agentlik hadisənin dəqiq nə zaman baş verməsi ilə bağlı məlumat verməyib.

Qeyd edək ki, ötən gün İran hökumətinin sözçüsü Əli Rabii bildirib ki, ölkədə baş vermiş iğtişaşlar zamanı təhlükəsizlik qüvvələrinin bir neçə əməkdaşı həlak olub.

Xatırladaq ki, noyabrın 15-də gecə İranda davam edən iqtisadi böhranla əlaqədar benzin üçün norma tətbiq edilib, qiyməti qaldırılıb. Hökumətin qərarına əsasən, dövlət benzin kartına malik şəxslər ay ərzində bir litri 12 avrosent ekvivalentinə bərabər olmaqla, 60 litrə qədər benzin ala bilər. Daha böyük həcmdə benzin almaq istəyənlər benzinin keyfiyyətindən asılı olaraq hər litr üçün 24 avrosentdən 30 avrosentə qədər ödəməlidirlər. Bu, indiyə qədər olan qiymətlərdən faktiki 3 dəfəyə bahadır.

Bütün xəbərlər Facebook səhifəmizdə