Aşqabadda SPECA-ya üzv ölkələr arasında ticarətin sadələşdirilməsi müzakirə edilir

Aşqabadda Türkmənistanın hazırda həmsədrlik etdiyi BMT-nin Mərkəzi Asiya ölkələrinin İqtisadiyyatı üçün Xüsusi Proqramı (SPECA) günləri keçirilir. AZƏRTAC xəbər verir ki, Türkmənistan hökuməti tərəfindən BMT-nin Avropa İqtisadi Komissiyası və Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə birlikdə SPECA ölkələri nümayəndələrinin ticarət siyasəti mövzusunda yüksəksəviyyəli görüşü təşkil olunub. Azərbaycan, Türkmənistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan mütəxəssislərinin iştirakı ilə keçirilən görüşün əsas müzakirə mövzusu bölgədə ticarətin sadələşdirilməsinə dair Ümumdünya Ticarət Təşkilatı Sazişinin icrası, habelə bu sahədə təcrübə mübadiləsidir. Forumun sonunda ölkələr arasında ticarət maneələrinin aradan qaldırılması və bu istiqamətdə əməkdaşlığı artırmaq üçün konvensiyaların, hüquq normalarının, eləcə də BMT standartlarının tətbiqi müzakirə olunacaq, həmçinin bir sıra sənədlərin qəbul ediləcəyi gözlənilir. Qeyd edək ki, noyabrın 19-da Aşqabadda SPECA-ya üzv ölkələrin işçi qrupunun 14-cü iclası, noyabrın 20-21-də isə SPECA-2019 İqtisadi Forumu keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...