Çilidə etiraz aksiyalarında 26 mindən çox insan saxlanılıb

Çilidə etiraz aksiyaları başlayandan indiyədək 26 mindən çox insan saxlanılılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Ali Məhkəməsi məlumat açıqlayıb.

Məhkəmənin məlumatlarına görə, ölədə 18 oktyabr tarixindən başlanan iğtişaşlarda 11 noyabr tarixinə qədər 26126 şəxs həbs olunub ki, onlardan 8,664 nəfəri paytaxt ərazisindədir.

Təxminən 1,1 min nəfərin tutulmasının qanunsuz elan edildiyi bildirilir. Bundan əlavə, saxlanılanlardan 1346 nəfərinin prokurorluğun tələbi ilə tutulduğu, 320 tələbin isə rədd edildiyi qeyd olunur.

"Vəziyyət açıq-aydın ciddidir ... İnanıram ki, dialoq çağırışı və sazişlərlə bağlı məsələ ən qısa müddətdə aktual olacaq",- deyə Çili Ali Məhkəməsinin nümayəndəsi Lamberto Cisternas açıqlayıb.

Xatırladaq ki, Çilidə kütləvi etiraz aksiyalarına səbəb oktyabrın əvvəlində metro tariflərinin artması olub. Ancaq bu, səbəblərdən yalnız biridir. Sakinlər layiqli pulsuz təhsil və səhiyyə xidmətləri ala bilməməsinə, aşağı maaş və artan tariflərə qarşı çıxırlar. Etirazlar əvvəlcə dinc şəkildə keçirilsə də, oktyabrın 18-dən etirazlar hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşıdurmaya çevrilib. Çili hakimiyyəti noyabr və dekabr ayında keçirilməsi nəzərdə tutulan iki forumu ləğv etmək məcburiyyətində qalıb.

Məlumat üçün nəzərinizə çatdıraq ki, ötən gün Çili hakimiyyəti və müxalifətçiləri 2020-ci ilin aprelində yeni konstitusiya ilə bağlı referendum keçirmək barədə razılığa gələ bildiyi açıqlanıb. Razılığın 12 bəndindən biri ölkədə ictimai qaydanın bərpasını özündə ehtiva edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...