Sərhəd zastavasına hücum edənlər İŞİD üzvləri olub

Tacikistan-Özbəkistan sərhədindəki sərhəd postuna hücum edən yaraqlılar Tacikistanda qadağan olunmuş İslam Dövləti qrupunun üzvləri olub. SİA-nın konkret.az-ın Orta Asiya ölkələri üzrə bürosuna istinadla verdiyi xəbərə görə, tutulan yaraqlıların dindirilməsi zamanı silahlı terror qruplaşmasının noyabrın 3-də Tacikistan və Əfqanıstan dövlət sərhədini qanunsuz keçdiyi məlum olub: “Onlar Əfqanıstanın Kalyai Zol əyalətindən günün qaranlıq vaxtından istifadə edərək xüsusi təyinatla gəlmişdilər. Tacikistanın Xatlon vilayətinin Kubodiyenski mahalında dövlət sərhəd xəttini qeyri-qanuni şəkildə keçən təcavüzkarların hamısı İŞİD-in üzvləridir”.

Məlumatda deyilir ki, hazırda istintaq qrupu araşdırmaları davam etdirir.

Xatırladaq ki, noyabrın 6-na keçən gecə, saat 03:23-də Sultanabad sərhəd dəstəsinin hərbi hissəsinin İşkobod şəhərindəki 4 nömrəli sərhəd zastavasına odlu silahdan istifadə edən silahlı dəstə hücum edib. Güc strukturlarının əməliyyatı nəticəsində mühasirəyə alınan silahlı cinayətkar qrupun 15 üzvü zərərsizləşdirilib, onlardan 5-i saxlanılıb və hazırda dindirilir.

Tacikistan sərhəd qoşunlarının komandiri, 25 yaşlı İzatullo Sattorov və Tacikistan Daxili İşlər Nazirliyinin bir əməkdaşı silahlı atışmada dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...