Daşkənddə özbək dilinə dövlət dili statusu verilməsinin 30 illiyi təntənəli şəkildə qeyd edilib

Özbək dilinə dövlət dili statusu verilməsinin 30 illiyi ilə bağlı təntənəli mərasim keçirilib.

SİA xəbər verir ki, tədbirdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Hökumətin və parlamentin üzvləri, səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər iştirak edib. Mərasimdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də olub.

Şavkat Mirziyoyev bildirib ki, dünyanın qədim və zəngin dillərindən biri olan özbək dili xalq üçün milli özünüdərk, dövlət müstəqilliyi və mənəvi zənginlik simvoludur. Türk dilləri ailəsinə daxil olan özbək dilində dünyada təxminən 50 milyon insan danışır.

Özbəkistan Prezidenti vurğulayıb ki, özbək dilinə laqeyd olmayan vətənpərvər ziyalıların səyi nəticəsində 1989-cu il oktyabrın 21-də özbək dilini dövlət dili elan edən qərar qəbul olunub.

Prezident oktyabrın 21-ni “Özbək dilinin bayramı” elan edib.

Təntənəli mərasim geniş konsert proqramı ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...