Əfqanıstanda döyüşlər gedir: 20 əsgər və 18 “Taliban” silahlısı öldürülüb

Əfqanıstanın mərkəzindəki Uruzqan vilayətində gedən döyüşlərdə 20 əsgər və 18 “Taliban” silahlısı öldürülüb. Hökumət qüvvələri silahlıların ələ keçirdikləri Gizab rayonunu azad etmək üçün hərbi əməliyyatları davam etdirirlər. SİA ToloNews agentliyinə istinadla xəbər verir ki, vilayətin polis rəisi Xetab Xanjari ölənlərin səkkizinin ordu mənsubu, beşinin isə polis əməkdaşı olduğunu bildirib. Onun sözlərinə görə, “Taliban” silahlıları arasında ölənlərin sayı rəsmi məlumatdan daha çoxdur.

“Taliban” hərəkatının sözçüsü Zabihulla Mücahed yerli mətbuata müsahibəsində bildirib ki, hökumət qüvvələri Gizab rayonunu azad etməyə müvəffəq ola bilməyiblər və ağır itkilərə məruz qalıblar. O əlavə edib ki, döyüşlərdə Əfqanıstan təhlükəsizlik qüvvələrinin 14 komandiri həlak olub.

Bölgədə şiddətli döyüşlərin davam etdiyi bir şəraitdə Əfqanıstandakı Müstəqil İnsan Hüquqları Komissiyası (AIHRC) tərəfləri mülki əhali arasında qurbanların olmaması üçün diqqətli olmağa çağırıb. Komissiyanın məlumatına görə, son altı ayda silahlı münaqişədə 1611 dinc sakin öldürülüb, 4876 nəfər isə yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...