Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil yolu bağlanacaq

Gürcüstandan Rusiya istiqamətində yeganə magistralda avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq. Bu barədə Gürcüstan Regional İnkişaf və Struktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.

Məlumatda deyilir ki, oktyabrın 19-u və 20-də səhər saat 8:00-dan axşam 18:00-dək yolda bütün avtomobillərin hərəkəti qadağan ediləcək. Axşam və gecə saatlarında yol açıq olacaq.

Yolun bağlanması avtomobil magistralında yerləşən Devdorak tunelində aparılacaq təmir və avadanlığa texniki baxışla əlaqədardır. Tunel bağlı olduğu zaman Gürcüstan, Azərbaycan, Ukrayna, Rusiya, Ermənistan, İran, Türkiyə və digər ölkələrdən gələn yük və minik avtomobilləri tuneldən yan keçməklə başqa yolla hərəkət edəcəklər. Bunun üçün Dövlət Yol Polisi əməkdaşları avtomobillərə bələdçilik edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə