ABŞ Türkiyəni yeni sanksiyalarla təhdid edib

Əgər Türkiyə Suriyanın şimalındakı hücumu dayandırmasa ABŞ bu ölkəyə qarşı əlavə sanksiyalar tətbiq etməyə hazırdır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu ABŞ maliyyə naziri Stefan Mnuçin bildirib.

Ötən gün ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər ABŞ vitse-prezidenti Mayk Pensin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ilə aparacağı danışıqlarda irəliləyiş əldə edilməsə Türkiyə iqtisadiyyatı "dağıdıcı" nəticələrlə üzləşəcək.

9 oktyabrda Türkiyə Silahlı Qüvvələri "Azad Suriya Ordusu" ilə birlikdə “Barış pınarı” antiterror əməliyyatına başlayıb. Türkiyə aviasiyası eyni gündə iki ölkənin sərhədindəki Ras əl-Ayn şəhərinə və Suriyanın bir sıra digər şəhərlərinə hücum edib. Daha sonra əməliyyatın yerüstü mərhələsinin başlandığı elan edilib.

Oktyabrın 15-də ABŞ prezidenti Donald Tramp Suriyadakı vəziyyətlə bağlı Türkiyəyə qarşı sanksiyaların tətbiqinə dair fərman imzalayıb. Sərəncam Türkiyəni Suriyadakı əməliyyatı dayandırmağa məcbur etmək üçün təzyiq göstərmək məqsədi daşıyır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın sanksiya ilə bağlı təhdidlərini şərh edərkən bildirib ki, bu vəziyyətə görə narahatlıq keçirmir.

Ərdoğan “SKY News”un müxbirinin “Pens və Pompeo bu gün Türkiyəyə gələcək. Onlara nə söyləyəcəksiniz. Narahatsınızmı? sualına cavabında isə bildirib ki, onlarla görüşmək niyyətində deyil. Ancaq Ağ Ev Ərdoğan görüşməyi rədd etsə də Mayk Pensin Ankaraya gələcəyini bəyan edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...