Kataloniyada 70-dən çox insan xəsarət alıb

Kataloniyada oktyabrın 15-də gün boyu davam edən etirazlar kütləvi iğtişaşlarla nəticələnib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, oktyabrın 15-də regional siyasətçilər barədə məhkəmə hökmünə etiraz edənlərin aksiyaları zamanı azı 74 nəfər yaralanıb. Bu barədə "El Pais" qəzeti məlumat yayıb.

Qeyd olunur ki, gün boyu muxtar bölgədə nümayişlər olub, aksiya iştirakçıları avtomobil və dəmir yollarını bağlayıblar.

Bütün şəhərlərdə İspaniya hökumətinin nümayəndəlikləri yaxınlığında etiraz aksiyaları təşkil edilib.

Oktyabrın 14-də İspaniya Ali Məhkəməsi, Kataloniyanın müstəqilliyi ilə bağlı referendumun təşkilində ittiham edilən 12 siyasətçinin həbsi barədə qərar qəbul edib.

Kataloniya Baş nazirinin keçmiş müavini Oriol Junkeras 13 illik həbs cəzasına məhkum edilib. Digərlərinə 9 ildən 13 ilə qədər həbs cəzası verilib.

Qeyd edək ki, 1 oktyabr 2017-ci il tarixində müstəqillik referendumunun təşkilində iştirak etməkdə ittiham edilən 12 müttəhimdən doqquzu nəzarətda saxlanılır, üçü isə girov qarşılığında şərti azadlığa buraxılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə