Almaniyada məscidə və türklərə məxsus iş yerlərinə hücum olub

Almaniyanın Şimali Reyn-Vestfaliya bölgəsindəki Herne şəhərində terror təşkilatı olan PKK/PYD tərəfdarları bir məscidə və türklərə məxsus ətrafdakı iş yerlərinə hücum ediblər.

SİA-nın CNN Türk-ə istinadən verdiyi xəbərə görə, Diyanət İşləri Türk İslam Birliyinin (DİTİB) nəzdində fəaliyyət göstərən Herne məscidinə yerli saatla 19.00 radələrində gələn terror təşkilatının tərəfdarları hamının gözü qarşısında PKK/PYD lehinə şüarlar səsləndirərək məscidin şüşələrini sındırıblar.

Qapılar bağlı olduğu üçün məscidə girə bilməyən terrorçu təşkilatın tərəfdarları türklərə aid ətrafdakı iş yerlərinin şüşələrini sındırıb, binalara ziyan vurduqdan sonra hadisə yerindən ayrılıblar.

Ətrafdakı şəxslər insidentlə əlaqədar polisə xəbər veriblər. Olay yerinə gələn polis məscid və iş yerlərində araşdırma aparıb, faktla bağlı istintaq başladılıb.

Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə