ABŞ Yaxın Şərqə əlavə qoşun yerləşdirir

Birləşmiş Ştatlar İran ətrafındakı vəziyyətin gərginləşməsi və Səudiyyə Ərəbistanındakı neft obyektlərinə hücum səbəbindən Yaxın Şərqə əlavə qoşun və hava hücumundan müdafiə vasitələri yerləşdirir. SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə cümə günü Pentaqonda jurnalistlər üçün keçirilən brifinqdə ABŞ-ın müdafiə naziri Mark Esper və ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin rəisi general Jozef Danford bildirib.

ABŞ Prezidenti Donald Trampın rəhbərliyilə Yaxın Şərqdə gərginliyin artması baxımından fəaliyyət variantlarının nəzərdən keçirilməsinə həsr olunmuş qapalı iclasdan sonra bu açıqlamalar səsləndirilib.

Brifinqdə qeyd edilib ki, təhlükənin böyüməsinin qarşısını almaq üçün Səudiyyə Ərəbistanı Krallığı infrastrukturunu qorumaq məqsədilə beynəlxalq dəstək istəyib: “Birləşmiş Ərəb Əmirliyi də ABŞ-dan kömək istədi. Xahişlərə cavab olaraq, prezident Tramp müvafiq qüvvələrin Yaxın Şərqdə yerləşdirilməsini təsdiqlədi”.

“Prezidentin açıqladığı kimi, ABŞ İranla qarşıdurma istəmir. Eyni zamanda, lazım gələrsə, hərbi əməliyyatlar üçün bir çox variantımız var", - deyə Pentaqon rəhbəri Mark Esper əlavə edib.

Danford isə öz növbəsində bildirib ki, Yaxın Şərqə yerləşdiriləcək əlavə qoşunların sayı o qədər də çox olmayacaq. O, bu qüvvələrin minlərlə ölçülmədiyini diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...