Tacikistanın XİN Qırğızıstanla sərhəddəki son münaqişə ilə əlaqədar bu ölkəyə nota verib

Tacikistanın Xarici İşlər Nazirliyi Qırğızıstanla sərhəddəki son münaqişə ilə əlaqədar bu ölkənin Düşənbədəki müvəqqəti işlər vəkilinə nota verib.

SİA xəbər verir ki, notada sərhəddəki münaqişədə Qırğızıstan tərəfi günahlandırılır, odlu silahdan məhz birinci qırğız hərbçilərinin atəş açdığı bildirilir. Qeyd olunur ki, bunun da nəticəsində üç tacik hərbçisi həlak olub, beş adam yaralanıb.

Həmçinin Tacikistan Qırğızıstan tərəfini sərhəddə təxribat törətməkdə günahlandırır. Bildirilir ki, bu ölkə sərhədə 250-300 hərbçi toplayıb və odlu silahdan atəş açan da onlar olub.

Xatırladırıq ki, Qırğızıstan-Tacikistan sərhədi müntəzəm olaraq yerli əhali və sərhədçilər arasında münaqişə zonasına çevrilir. Bunun da səbəbi ölkələr arasında bu zonada sərhədlərin delimitasiya edilməməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə