ABŞ-la Səudiyyə arasında nüvə müzakirəsi aparılacaq

Sentyabrın 14-də ABŞ-ın Enerji naziri Rik Perri ilə Səudiyyə Ərəbistanın yeni Enerji naziri, şahzadə Əbdüləziz bin Salman arasında Krallığın ərazisində nüvə reaktorunun inşasının müzakirə edilməsi gözlənilirdi. Lakin ABŞ rəsmiləri bu gün bəyan ediblər ki, görüş Beynəlxalq Atom Enerjisi Agentliyinin gələn həftə Vyanada keçiriləcək iclası çərçivəsində baş tutacaq. Rik Perri sentyabrın 14-də keçirdiyi mətbuat konfransında bəyan edib ki, səudiyyəli həmkarı ilə nüvə reaktorunun inşası məsələsini müzakirə edəcək.

SİA CNN telekanalının saytına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı bugünədək uranın zənginləşdirilməsi və plutoniumun təkrar emalı üzrə tədqiqatların aparılmasına səy göstərib. Əbdüləziz bin Salman bildirib ki, onun ölkəsi bu məqsədlə xüsusi proqram hazırlayıb və ABŞ ilə müvafiq sazişin şərtlərini, habelə Amerika şirkətlərinin bu prosesdə rolunu qiymətləndirir. Ötən həftə bəyanatla çıxış edən vəliəhd şahzadə Məhəmməd bin Salman isə vurğulayıb ki, Səudiyyə Ərəbistanı nüvə silahına malik olmaq istəmir, lakin onun regiondakı rəqibi İranın bu silahı əldə edəcəyi təqdirdə həmin variantı da nəzərdən keçirəcək.

İranla bağlı məsələyə toxunan Rik Perri bəyan edib ki, ABŞ İranın neft ixracına qarşı sərt sanksiyaların tətbiq edilməsini davam etdirəcək. “İran dünyanın yaxşı vətəndaşı olmağın qaydalarını yaxşı bilir, amma bugünkü davranışlarını davam etdirsə, o zaman Birləşmiş Ştatlar daha sərt və ciddi tədbirlərə əl atacaq”, -deyə amerikalı nazir əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə