İtaliyanın Baş Naziri istefaya gedir!

İtaliyanın Baş Naziri Cüzeppe Konte istefa verəcəyini elan edib. O, Senatda etdiyi çıxışında rəhbərlik etdiyi hökumətin fəaliyyətinin başa çatdığını və istefaya gedəcəyini bildirib. Reuters agentliyi xəbər verir ki, Baş Nazir rəsmi istefa ərizəsini Prezident Serco Matarellaya təqdim edəcəyini bildirib. O, həmçinin Daxili İşlər naziri və Baş Nazirin müavini Matteo Salvinini siyasi məsuliyyətsizlikdə və öz maraqlarını güdməkdə ittiham edib.

Kontenin sözlərinə görə, hazırda hökumətin istefası ölkəni ciddi risklərlə üz-üzə qoyur. Baş Nazir əlavə edib ki, onun təmsil etdiyi partiyanın Avropa Parlamentinə seçkilərdə inamlı qələbə qazanması Salvinini ölkəni böhrana sürükləmək üçün yeni bəhanələr axtarmağa vadar edib. O, öz müavinini parlamentə hörmətsizlik etməkdə də təqsirləndirib. Belə ki, onun sözlərinə görə, Salvini ağır nəticələrə səbəb olan bəyanatlarını sosial şəbəkələr vasitəsilə yayır. İtaliyada hökumət böhranı avqustun 8-də Salvininin yeni parlament seçkiləri keçirilməsi barədə çağırışı ilə yaranıb.

Bütün xəbərlər Facebook səhifəmizdə