Yaponiya hökumətində kadr dəyişiklikləri gözlənilir

Yaponiyanın Baş naziri Şinzo Abe hökumətdə və hakim partiyada kadr dəyişikliklərini sentyabrın ortalarına planlaşdırır.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, parlamentin yuxarı palatasına keçirilən seçkilərdən bir sutka sonra Baş nazir jurnalistlərin suallarını cavablandırıb. Ş.Abe bildirib ki, o, palatanın sədrini seçmək üçün avqustun 1-də parlamentin növbədənkənar sessiyasını çağırmağı planlaşdırır.

Nazirlər Kabinetinin tərkibində aparılacaq kadr dəyişiklikləri arasında Baş nazirin müavini Taro Asonun, Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqanın və hakim Liberal Demokratik Partiyanın baş katibi Toşihiro Nikainin öz vəzifələrini saxlayacaqları diqqət mərkəzindədir.

Yuxarı palataya seçkilərdən sonra Ş.Abenin konstitusiyada dəyişikliklərin aparılması barədə öz ideyasana sadiq qalacağı gözlənilir. Baş nazir bildirib ki, seçkilərin nəticələri seçicilərin bu məsələnin müzakirəsində maraqlı olduğunu deməyə əsas verir. O, müxalifəti bununla bağlı müzakirələrə çağırıb.

Ş.Abe əlavə edib ki, konstitusiyada dəyişikliklərə başlamaq üçün qanunvericilərin dəstəkləyəcəyi düzəlişlər hazırlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə