Honkonqda hökumət əleyhinə ciddi aksiya baş tutub

Bu gün Honkonqda yenidən hökumət əleyhinə aksiyalar başlayıb.

SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, ardıcıl yeddinci həftədir ki, on minlərlə insan küçələrə çıxaraq muxtariyyət hökumətinin Çin yönümlü siyasətinə etirazını bildirir.

Aksiyaçılar Çinə ekstradisiya ilə bağlı qanunun parlamentdən geri götürülməsini, demokratik islahatlar keçirilməsini, Honkonq administrasiyasının rəhbəri Kerri Lamın istefasını tələb edirlər.

İyulun əvvəlində K. Lam Çinə ekstradisiya ilə bağlı qanun layihəsinin gündəlikdən çıxarıldığını bəyan etməsinə baxmayaraq, aksiyaçıların qanun layihəsinin parlamentdən təcili geri götürülməsi barədə tələbini yerinə yetirməyib. Davam edən aksiyalar zaman-zaman zorakılıq müstəvisinə də keçir.

Qeyd edək ki, muxtariyyət hökumətinin qanunları pozmaqda şübhəli sayılanları və cinayətkarları Çin hakimiyyətinə təhvil vermək niyyəti Böyük Britaniyanın hakimiyyəti altında olmuş Honkonqda 1997-ci ildən sonra ən böyük kütləvi aksiyaların başlaması ilə nəticələnib. 1997-ci ildə Honkonqun geri qaytarılması müqabilində Çin bu ərazidə ən azı 50 il ərzində insan hüquqlarının, KİV azadlığının qorunacağı vədini verib. Müxalifət isə muxtariyyət hökumətini "bir ölkə, iki sistem" prinsipini pozmaqda ittiham edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...