“Türkiyə alternativləri dəyərləndirməyə davam edəcək”

" F-35" hadisələri ilə bağlı bu günə qədər istənilən ödəməni, götürdüyümüz öhdəliyimizi qüsursuz şəkildə yerinə yetirdik". SİA xəbər verir ki, bu sözləri Türkiyə Müdafiə Sənayesi naziri İsmayıl Dəmir ABŞ tərəfindən Türkiyənin "F-35" tipli qırıcılarla bağlı proqramdan çıxarılması ilə bağlı qərara münasibət bildirərkən qeyd edib.

"Təktərəfli şəkildə verilmiş bir qərar var. Belə bir hal razılaşmada nəzərdə tutulmayıb. Qərarın rəsmi şəkildə bizə bildirilməsini gözləyirik", - deyə Dəmir vurğulayıb.

Türk nazir qeyd edib ki, milli təyyarə layihəsinin üzərində işlər sürətlə gedir: "Bu işlər daha da sürətləndiriləcək. Türkiyə alternativləri dəyərləndirməyə davam edəcək. Masada müxtəlif variantlar var".

Xatırladaq ki, ötən gün rəsmi Vaşinqton Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin tədarükü ilə bağlı Türkiyənin "F-35" proqramından çıxarılmasına dair qərar qəbul edib. Ağ Ev vurğulayıb ki, Ankara tərəfindən zenit-raket komplekslərinin alınması ən yeni ABŞ qırıcılarının tədarükü ilə uyğunsuzluq təşkil edir.

Pentaqonun rəhbərinin satınalmalar üzrə müavini Ellen Lord bəyan edib ki, Birləşmiş Ştatların Türkiyə ilə "F-35" proqramı üzrə əməkdaşlığı dayandırması nəticəsində rəsmi Ankara təxminən 9 milyard dollar investisiya almayacaq: "Türkiyə iş yerlərini və iqtisadi imkanları itirəcək. Türkiyə "F-35" təyyarələrinin 900-dən çox detalını istehsal edirdi və bunun üçün 9 milyard dollar investisiya alırdı".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...