Yohannes Han Avropa İttifaqı komissarı olmağa namizəd olacaq

Avstriya Nazirlər Kabinetinin ardından iyulun 18-də parlamentin əsas komitəsi də Yohannes Hanın Avropa İttifaqı komissarı vəzifəsinə namizədliyini dəstəkləyib. Parlamentdə təmsil olunan beş partiyanın hamısı yekdilliklə Y.Hana səs veriblər. Bununla da Avstriya Avropa Komissiyasının yeni tərkibindəki təmsilçisini müəyyənləşdirib.

Avstriyanın Federal Kansleri Briqitte Birlaynın təklifi əsasında namizədliyi təsdiqlənən Yohannes Han hazırda Aİ-nin qonşuluq siyasəti üzrə komissarıdır. Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen onun namizədliyini qəbul edəcəyi təqdirdə bu, Y.Hanın üçüncü müddətə komissarlıq fəaliyyəti olacaq.

Y.Han keçirdiyi mətbuat konfransında ona göstərilən etimada görə təşəkkür edib, həm hökumət, həm də parlament tərəfindən namizədliyinin yekdilliklə dəstəklənməsinin fəaliyyəti üçün stimul verdiyini qeyd edib. O, eyni zamanda, komissar kimi indiyədək çalışdığı sahə - xarici siyasət üzrə missiyasını davam etdirməkdə maraqlı olduğunu deyib.

Qeyd edək ki, Avropa Komissiyasının yeni seçilmiş Prezidenti Ursula fon der Leyen öz komandasını formalaşdırarkən komissarların sayında gender bərabərliyini qorumağa çalışacağını bildirib və ölkələr üzrə həm qadın, həm də kişi namizədlərin təklif olunmasını arzuolunan hal kimi vurğulayıb. Avstriya tərəfinin komissar postuna yalnız bir namizəd irəli sürməsi əlavə namizəd tələbini gündəmə gətirə bilər. Ursula Fon der Leyen öz komandasını formalaşdırdıqdan sonra namizədlərin Avropa Parlamentindən dinlənilməsi həyata keçiriləcək və yalnız bundan sonra komissiyanın tərkibi rəsmi şəkildə təsdiqlənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...