Avstriya dəmir yolu ilə sərnişin daşımalarına görə Avropa İttifaqında birincidir

Avstriya Avropa İttifaqında qatarla ən çox sərnişin daşınan ölkələr siyahısında birinciliyini qoruyub saxlayır.

SİA xəbər verir ki, 2018-ci ildə Avstriyada dəmir yolu ilə səfər edənlərin sayı 309,9 milyon nəfər olub və bu göstərici 2017-ci illə müqayisədə 19,3 milyon nəfər çoxdur. Bununla da Avstriyada Avropa İttifaqında dəmir yolu ilə sərnişin daşımaları sektorunda ilk mövqeyini daha da möhkəmləndirib. İl ərzində hər bir avstriyalı dəmir yolu ilə orta hesabla 1505 kilometr məsafə qət edib, xüsusilə qısaməsafəli səfərlər üçün dəmir yolu ən populyar nəqliyyat vasitəsi olaraq qalıb. Bu statistikada sonrakı yerləri İsveç, Fransa və Almaniya tutur. Avropada dəmir yolu ilə ən az sərnişin hərəkət edən ölkələr siyahısına isə Yunanıstan və Litva başçılıq edirlər. Bu ölkələrin sakinləri il ərzində orta hesabla təxminən 100 kilometr məsafəni dəmir yolu ilə qət edirlər.

Ölkədə dəmir yolu sektorunda əsas söz sahibi Avstriya Dəmir Yolları (ÖBB) konsernidir. Avropanın həm yük, həm də sərnişin daşımalarında ən rəqabətli şirkətlərindən biri olan ÖBB şirkətinə məxsus qatarlarla ötən il ərzində 261 milyon sərnişin daşınıb. Ölkədəki digər dəmir yolu şirkətləri isə ümumilikdə 49 milyon sərnişinə xidmət göstərib.

Şirkətdən verilən məlumatda, həmçinin göstərilir ki, ötən il yük daşımalarında da inkişaf olub. İl ərzində 118 milyon ton yük relslər üzərində daşınıb. Yük daşımalarında qət edilən ümumi məsafə 23,7 milyard kilometr olub ki, bu da 2017-ci illə müqayisədə təxminən bir faiz artım deməkdir.

Xatırladaq ki, Avropada ən çox sərnişin İsveçrə dəmir yolları ilə daşınır. Lakin bu ölkə Avropa İttifaqının üzvü olmadığına görə Aİ-də birincilik Avstriyaya məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə