Yaponiyanın Baş Naziri Şinzo Abe G20 sammitinin iştirakçıları arasında qarşılıqlı anlaşmaya nail olmaq üçün çalışacağını bildirib. SİA xəbər verir ki, Ş.Abe bu barədə iyunun 27-də Osakaya yola düşərkən jurnalistlərə açıqlamasında deyib.

Baş nazir qeyd edib ki, beynəlxalq ictimaiyyət müxtəlif məsələlərlə maraqlanır, lakin Yaponiya tədbiri qəbul edən ölkə kimi, ölkələr arasında ümumilikləri taparaq qarşılıqlı anlaşmaya nail olmağa çalışacaq.

Ş.Abe əlavə edib ki, G20 azad ticarətə dəstək, innovasiyalar yolu ilə qlobal iqtisadiyyatın inkişafı, rəqəmsal iqtisadiyyatın tənzimlənməsi, ekoloji problemlərin həllinə töhfələr və qadınların hüquq və imkanlarının genişlənməsi kimi məsələlərdə qəti addımlar ata bilər. Sammitin uğurlu alınması məqsədilə ABŞ Prezidenti Donald Tramp və Çinin Sədri Si Cinpinlə görüşəcək.

Ş.Abe, həmçinin bildirib ki, sammitdən sonra o, Rusiya Prezidenti Valdimir Putin ilə açıq danışıqlar apararaq sülh müqaviləsi istiqamətində müzakirələri irəli aparmağa çalışacaq.

Xatırladaq ki, iyunun 28-29-da Osakada G20 ölkələri liderlərinin sammiti keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə