Zelenskinin partiyası parlament seçkilərində iştirak üçün sənədləri MSK-ya təqdim edib

Ukrayna Prezidenti Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyasının təmsilçiləri Ali Radaya növbədənkənar seçkilərdə namizədlərinin qeydə alınması üçün sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim ediblər.

SİA xəbər verir ki, partiyanın mətbuat xidmətinin məlumatına görə, ümumdövlət dairəsində deputatlığa 201 namizədin qeydiyyata alınması üçün sənədlər təqdim olunub. Birmandatlı dairələr üzrə sənədlər isə MSK-ya iyunun 20-də veriləcək.

“Sosial monitorinq” mərkəzinin və Ukrayna sosial tədqiqatlar institutunun keçirdiyi rəy sorğusuna əsasən, seçki yarışında respondentlərin 47,5 faizinin dəstəklədiyi “Xalqın xidmətçisi” partiyası böyük fərqlə liderlik edir. İkinci yerdə “Həyat uğrunda - müxalifət platforması” gedir, ona rəyi soruşulanların 11 faizi səs vermək niyyətindədir. Sonrakı yerlərdə Yuliya Timoşenkonun “Batkivşina” (8,7 faiz) və Ukraynanın sabiq prezidenti Petro Poroşenkonun “Avropa həmrəyliyi” (8,3 faiz) partiyaları gəlir. Beşliyi ukraynalı müğənni Svyatoslav Vakarçukun “Səs” partiyası (5,3 faiz) tamamlayır.

Xatırladaq ki, Ali Radaya növbədənkənar seçkilər iyulun 21-nə təyin olunub. Deputat korpusunun yarısı (225 nəfər) partiya siyahıları üzrə, digər yarısı isə majoritar dairələrdə seçiləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə