Sudanın keçmiş prezidentini prokurorluğa gətiriblər

Sudanın keçmiş prezdenti Ömər əl-Bəşir bazar gün Kobar həbsxanasından prokurorluğa gətirilib.

SİA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin baş prokurorluğundakı mənbə məlumat verib. Mənbə bildirib ki, Korrupsiya işləri üzrə prokurorluq Baş prokurorluga Bəşirin əvvəlcə korrupsiya faktları üzrə dindirilməli olduğunu tövsiyə edib.

Mənbənin sözlərinə görə, Bəşir prokurorluğa polisin güclü mühafizəsi ilə gətirilib.

Sudan Baş prokurorluğu 3 gün əvvəl bildirib ki, devrilmiş prezidentin cinayət işi üzrə bütün istintaq tədbirləri başa çatıb. Ona qarşı korrupsiya və xarici valyuta ilə çirkli pulların yuyulması ittihamları irəli sürülüb.

Qeyd edək ki, Sudanda hərbi çevriliş 11 apreldə 4 ay sürən xalq etirazlarından sonra baş verib. Prezident Ömər əl-Bəşir əvvəlcə hakimiyyətdən uzaqlaşdırılıb, daha sonra isə həbsxanaya salınıb. Həmin tarixdən hakimiyyət hərbçilər tərəfindən formalaşdırılmış Keçici Hərbi Şuranın (KHŞ) əlinə keçib. KHŞ iki ildən sonra hakimiyyəti xalq tərəfindən seçilmiş orqanlara vermək niyyətində olduğunu bildirib.

Lakin hərbçilərin söz verməsinə baxmayaraq, ölkədə xalq etirazları dayanmır. Etiraz edənlər təcili olaraq ölkədə mülki hakimiyyət orqanlarının yaradılmasını tələb edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə