Kəskin hava şəraiti insan ölümü ilə nəticələnib

Alp dağlarında hökm sürən kəskin hava şəraiti insan ölümü ilə nəticələnib.

SİA xəbər verir ki, qasırğa nəticəsində Cenevrədə ağaclar aşıb, Cenevrə gölündə qayıqla gəzinti zamanı bir turist qadın ölüb. Üç polis kateri və qəza xidməti hadisə yerinə gəlsə də, xəstəxanaya aparılan qadının həyatını xilas etmək mümkün olmayıb. Qayıqda olan digər bir kişi turist isə üzərək yaxın limana çıxıb və xilas ola bilib.

Qonşu Fransanın Cenevrə gölündən bir neçə kilometr cənubda yerləşən Tenanj şəhərində isə 51 yaşlı alman vətəndaşı düşərgədə üzərinə ağac aşması nəticəsində həyatını itirib.

Frayburqda gün ərzində 40 yanğınsöndürən çağırışı olub. İki festival yarımçıq saxlanılıb və izləyicilər təxliyə edilib. Hava şəraiti ilə əlaqədar polisə gün ərzində yüzlərlə zəng daxil olub.

İsveçrə Meteorologiya İnstitutunun məlumatına görə, bəzən sürəti saatda 110 kilometrdən artıq olan fırtına Cenevrə gölü istiqamətindən əsməyə başlayaraq Mərkəzi və Şərqi İsveçrə üzərindən Konstanz gölünə qədər çatıb. Kvadratmetrə düşən yağış miqdarı ortalama 20-35 litr olsa da, Kossonay bölgəsində 2 saat ərzində təxminən 50 litr yağış düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə