Sloveniyada portağal böyüklüyündə dolu yağıb

Sloveniyanın cənub bölgəsində fırtına ilə müşayiət olunan portağal böyüklüyündə dolu yağıb, əraziyə ciddi ziyan dəyib. Fövqəladə hallar üzrə Milli Mərkəzin məlumatına görə, Koçevye, Çrnomel, Ribnitsa və digər yaxın ərazilərə yerli əhaliyə yardım etmək üçün, ümumilikdə, 79 yanğınsöndürən briqada cəlb olunub.

AZƏRTAC xəbər verir ki, Şimali Afrikadan Avropa istiqamətində hərəkət edən tropik hava kütləsi Cənubi Sloveniya və Şimali Xorvatiyada fövqəladə hava şəraitinin yaranmasına səbəb olub. Alp dağlarından hərəkət edən soyuq hava kütləsi ilə toqquşma nəticəsində yaranan onlarla fırtına özəkləri yaşayış məntəqələri və şəxsi təsərrüfatlara zərər vurub. Kəskin hava şəraiti saatda 130 km sürətlə hərəkət edən külək və güclü yağıntı ilə müşayiət olunub.

Sosial şəbəkələr və mətbuatda binalara və bitki örtüyünə ziyan dəydiyini göstərən məlumatlar paylaşılsa da, təsərrüfatlara dəyən zərər hələ dəqiqləşdirilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə