Siyasi məhbusların hamısı azad olunacaq

Sudanın Keçici Hərbi Şurası (KHŞ) bütün siyasi məhbusları azad etməyə razılıq verib.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Efiopiya Baş Nazirinin xüsusi nümayəndəsi Mustafa Dukn məlumat verib.

Qeyd edək ki, Efiopiya hökumətinin başçısı Abiy Əhməd Əli iyunun 7-də vasitəçilik missiyası ilə Xartum şəhərinə səfər edib. Səfər çərçivəsində o, KHŞ-nın üzvləri və “Azadlıq və dəyişikliklər uğrunda ittifaq” müxalif ittifaqının liderləri ilə görüşlər keçirib.

Bununla bağlı Baş Nazirin xüsusi nümayəndəsi keçirdiyi mətbuat konfransında deyib: “Hər iki tərəf – həm KHŞ, həm də “Azadlıq və dəyişikliklər uğrunda ittifaq” müxalif ittifaqı aşağıdakılar barədə razılığa gəliblər: əvvəlki danışıqlarda əldə olunmuş razılaşmaları qüvvədə saxlamaq, KHŞ-nın siyasi məhbusların azad etməsi barədə razılığı və “Azadlıq və dəyişikliklər uğrunda ittifaq” müxalif ittifaqının kütləvi etiraz aksiyalarını dayandırması”

Diplomat, həmçinin bildirib ki, opponentlər arasında danışıqlar davam etdiriləcək.

Qeyd edək ki, ötən həftə Sudanın paytaxtı Xartumda müxalifətin çadır düşərgəsinin dağıdılması nəticəsində 100 nəfər həlak olub.

Bundan sonra müxalifət keçid Hərbi Şurasını dinc aksiyanı dağıtmaqda ittiham edib və xalqı bütün ölkədə kütləvi etirazlara səsləyib. Hərbçilər isə öz növbəsində, bəyan ediblər ki, əməliyyat nümayişçilərə qarşı deyil, etirazçıların sıralarına soxulmuş cinayətkarların tutulmasına yönəlib.

Xatırladaq ki, iyunun 3-də səhər Xartumun mərkəzinə xüsusi təyinatlı qüvvələr yeridilib. Müdafiə Nazirliyinin və Baş komandanlığın mənzil-qərargahı önündəki etirazçılara odlu silahdan atəş açılıb. Toqquşmaların baş verdiyi meydan bağlanıb, yollarda ordu hissələri yerləşdirilib.

Əlavə edək ki, aprel ayında Sudanda baş vermiş hərbi çevrilişdən sonra ölkədə mülki hakimiyyət orqanlarının yaradılması tələbi ilə kütləvi etirazlar başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə