“Arsenal” klubu Mxitaryanı satır

Henrix Mxitaryan Premyer Liqada çıxış etməyə başladığı 2016-cı ildən bəri yaxşı oyun ortaya qoya bilmir. Üç il əvvəl “Borussiya Dortmund”dan “Mançester Yunayted” klubuna transfer edilən erməni yarımmüdafiəçi burada ümidləri doğrultmadığından ötən il “Arsenal”a satılıb. SİA xəbər verir ki, bu fikirlər “football-news24.com” saytında dərc olunan məqalədə yer alıb.

İngiltərənin “The Sun” nəşrinin xəbərinə istinad olunduğu məqalədə vurğulanıb ki, H.Mxitaryan “Arsenal”da çıxış etdiyi 2018-ci ilin yanvarından ümidləri doğrulda bilməyib. Buna görə də “Arsenal” klubu yay transfer pəncərəsində Henrix Mxitaryanı satmağa hazırlaşır. Futbolçu komandadan getmək barədə razılıq verərsə, klub onu satmağa hazırdır.

Məqalədə xüsusi qeyd edilib ki, 30 yaşlı futbolçu “Borussiya Dortmund”un heyətində çıxış etdiyi illərdəki səviyyəsinə bir daha çata bilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə