Türkiyədə həbs olunan gəminin dənizçiləri Rusiyaya qayıtdı

Ötən ilin iyununda Rusiyadan olan ekipajla təmir üçün İstanbula gələn və borc səbəbindən limanda saxlanılan “Streamline” yük gəmisinin 6 rusiyalı dənizçisi mayın 24-də sərbəst buraxılıb. SİA xəbər verir ki, bu barədə Rusiyanın Türkiyədəki Baş Konsulluğu məlumat yayıb.

Qeyd edək ki, Rusiyanın İstanbuldakı Baş konsulluğu şəhər valisinin administrasiyasına müraciət edərək həbs edilmiş “Streamline” gəmisindəki dənizçilərin hüquqlarının qorunmasına kömək etməyə çağırmışdı.

Rostovdan təmir üçün İstanbula yola düşən “Streamline” gəmisi 2018-ci ilin iyununda əvvəlki sahibinin borcuna görə saxlanılıb. Gəminin indiki sahibinin – “Akca Shipping”in vəkilləri gəmi üzərindən həbsin götürlməsini və onun təmirə buraxılmasını istəmişdilər.

Qeyd edək ki, yük gəmisinin rusiyalı ekipajı gəmi sahibindən əmək haqqı tələb edir. Dənizçilər buna görə iki dəfə aclıq edərək Bosfor boğazını bağlamaqla təhdid ediblər. Aprelin əvvəlində Rusiyaya qayıtmış gəmi kapitanı Rəhman Bağırov daha əvvəl bildirmişdi ki, hazırda gəmi sahibinin dənizçilərə 140 min dollar borcu var.

Gəmi üzərindən həbsin götrülməsi üçün köhnə sahibinin tapılması ilə əlaqədar ilk məhkəmə prosesi fevralın 26-sında keçirilmiş, daha sonra aprelin 2-nə təxirə salınmışdı. Gəminin alqı-satqısı ilə əlaqədar sənədlərdə çatışmazlıq səbəbindən növbəti məhkəmə prosesinin iyunun 11-nə təyin edilməsinə baxmayaraq, dənizçilər artıq azad olunublar. Məlumata görə, onlar artıq vətənlərinə qayıdıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə