Saakaşvili Ukraynaya qayıtmaq istəyir

Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin eks-qubernatoru Mixeil Saakaşvili mayın 29-da Ukraynaya getmək istəyir.

SİA-nın Ukrayna kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bu barədə “UNN” agenliyinə özəl mənbələr məlumat verib. Siyasətçi Ukraynadakı son prezident seçkilərində Vladimir Zelenskinin qalib gəlməsindən sonra bu niyyətini bəyan edib.

Ukraynanın Dövlət Sərhəd Xidmətindən isə bildiriblər ki, Saakaşvilinin bu ölkəyə daxil olması üçün qanuni əsas yoxdur.

Saakaşvilinin 2013-cü ildə tərk etdiyi Gürcüstanda isə ona qarşı cinayət işi açılıb və hətta o, qiyabi formada həbs cəzasına məhkum edilib.

2015-ci ilin yazında Ukraynanın o zamankı prezidenti Petro Poroşenko Saakaşviliyə vətəndaşlıq verərək onu Odessa vilayətinin qubernatoru təyin etmişdi. Lakin vilayətin iqtisadi göstəricilərinin aşağı düşməsi səbəbindən Ukrayna prezidenti 2016-cı ilin noyabrında onu vəzifəsindən azad etdi.

2017-ci ilin oktyabrında Saakaşvili Ukrayna vətəndaşlığından məhrum edilib. O, Ukrayna məhkəməsinə müraciət etsə də şikayətinə indiyə kimi baxılmayıb.

2018-ci ilin fevralında Ukrayna hökuməti Saakaşvilini Polşaya sürgün edib. Sonradan keçmiş qubernator sərhədi qanunsuz yolla keçmək istəyərək Ukraynaya qayıtmaq istəyib və bu səbəbdən 2021-ci ilə qədər ona Ukraynaya daxil olmaq qadağan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə