Çin ABŞ-a xəbərdarlıq etdi

Rəsmi Pekin iki döyüş gəmisini Tayvan boğazına göndərdiyi üçün ABŞ-a xəbərdarlıq edib. SİA xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi Lu Kan mayın 23-də keçirdiyi ənənəvi mətbuat konfransında Birləşmiş Ştatlardan "Vahid Çin" prinsipinə hörmətlə yanaşmağı tələb edib. "Çin ABŞ hərbi gəmilərinin Tayvan boğazından keçidini yaxından izləyib və bununla əlaqədar Birləşmiş Ştatlara narazılığını bildirib, - deyə Lu Kan bildirib.

Tayvan məsələsinin Çin-ABŞ münasibətlərinin ən vacib və həssas hissəsi olduğunu vurğulayan Çin XİN-in rəsmisi rəsmi Vaşinqtondan razılaşdırılmış "Vahid Çin" siyasətini və imzalanmış 3 Çin-ABŞ birgə kommünikesini dəstəkləməyə çağırıb.

Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Çində baş vermiş vətəndaş müharibəsində Mao Cedonun rəhbərlik etdiyi kommunistlər Çan Kayşinin liderliyindəki Koumintan qüvvələrinə qalib gələrək Çin Xalq Respublikasının yaradıldığını elan ediblər. "Vahid Çin" prinsipinə əsaslanan ÇXR Tayvandakı qondarma "Çin Respublikası"nın mövcudluğunu qəbul etmir və adanın Çin Xalq Respublikasının tərkib hissəsi olduğunu bildirir.

Azərbaycan da "Vahid Çin" siyasətini dəstəkləməklə Tayvanı ÇXR-in tərkib hissəsi kimi qəbul edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...