ABŞ-la Çin arasında texnoloji müharibə başladı

ABŞ-ın “Google” şirkəti Çinin “Huawei” şirkəti ilə texniki və proqram xidmətlərinə dair əməkdaşlığı dayandırması ticarət müharibəsində yeni mərhələnin başlamasına səbəb olub. Vaşinqton “Huawei”dən sonra Çinin videomüşahidə sistemləri istehsal edən “Hikvision” şirkətinə də sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

Amerikalı rəsmilər bəyan edir ki, xarici şirkətlərə qarşı belə addımların atılmasında məqsəd, ölkədəki kompüter və texnologiyalar şirkətini xarici müdaxilələrdən müdafiə etməkdir. Qeyd edək ki, ekspertlər ticarət məsələləri üzündən başlayan gərginliyin texnologiya sahəsinə keçəcəyi barədə hələ bir neçə ay əvvəl xəbərdarlıq etmişdi. Vaşinqtonun qadağaları təkcə Çinin deyil, yerli texnologiya şirkətlərinin də fəaliyyətinə mənfi təsir göstərir.

Nəzərə almaq lazımdır ki, Çin ölkədəki amerikalı texnologiya şirkətlərinə qarşı hələlik heç bir addım atmayıb. Pekin bu yola gedərsə, iqtisadiyyatı bir-birindən asılı olan iki ölkənin mübarizəsi dünya ticarətini iflic vəziyyətə salacaq.

Analitiklər hesab edir ki, prezident Donald Tramp gərginliyi yuxarı həddə saxlamaqla seçkilər ərəfəsində nüfuzunu artımağa çalışır. “Ağ ev” rəhbəri atdığı addımların ölkəyə müəyyən zərərlər verdiyini bilsə də, postunda qalmaq üçün bütün bunlara göz yumur. Eskpertlərin sözlərinə görə, ABŞ-la gərginlik Çinin heç vaxt ortaq məxrəcə gələ bilmədiyi Yaponiya ilə texnologiya sazişi imzalamasına və Rusiya ilə daha da yaxınlaşmasına şərait yaradacaq. Nəhənglərin birləşməsi isə Vaşinqton üçün heç də xoş mənzərə olmayacaq.

Trampın gözlənilməz qərarlarını nəzərə alsaq, ticarət müharibəsinin hansı müstəvidə davam edəcəyini təxmin etmək çətindir. Əgər “Ağ ev” rəhbəri “Huawei” ilə əməkdaşlıq edən ölkələri də arzuolunmaz dövlətlər siyahısına daxil edərsə, onda gərginlik “ticarət müharibəsi” çərçivəsindən çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə