Ukraynanın baş naziri çərşənbə günü istefa ərizəsini təqdim edəcək

İstefa verəcəyini bildirən Ukraynanın Baş naziri Vladimir Qroysman ölkə prezidenti Vladimir Zelenskidən Ali Radaya yeni baş nazirin namizədliyini və nazirlər kabinetinin yeni tərkibini irəli sürməyi tələb edib.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, Qroysman bildirib ki, çərşənbə günü istefa barədə ərizə verəcək. Ukrayna qanunlarına görə, baş nazirin istefası barədə qərarı Ali Rada qəbul edir. Baş nazir istefa verdiyi halda bütün hökumət istefaya göndərilir.

Ukraynanın “İCTV” telekanalında yayımlanan “Söz azadlığı” proqramının efirində Baş nazir Qroysman deyib: “Mən hesab edirəm ki, yeni seçilmiş prezident təcili olaraq yeni baş nazirin, yeni nazirlər kabinetinin namizədliyini irəli sürməli və onlarla işləməlidir”.

Qeyd edək ki, bazar ertəsi yeni prezident Vladimir Zelenskinin inaqurasiyası keçirilib. Parlamentdə çıxış edən Zelenski bəyan edib ki, o, səlahiyyətlərindən istifadə edərək Ali Radanı buraxır. Yeni prezident, həmçinin, Nazirlər Kabinetinə yeni nəsil üçün vəzifələri boşaltmaq çağırışı edib. Bundan başqa, o, deputatları Təhlükəsizlik Xidmətinin rəisini, Baş prokuroru və Mdafiə nazirini vəzifələrindən azad etməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə