ABŞ Fələstinlə bağlı planın ilk mərhələsini açıqlayıb

Ağ Ev İsrail-Fələstin münaqişəsinə "son qoyacaq" Yaxın Şərqdə sülh planının ilk mərhələsini açıqlayıb. SİA əl-Məyadinə istinadla xəbər verir ki, ABŞ və Bəhreyn müştərək olaraq Manamada "İnkişaf üçün sülh" adlı iqtisadi otağın təşkilini elan ediblər.

Ağ Ev mənbələri CNN-ə bildiriblər ki, gələn ayın 25-26 da Bəhreyn paytaxtı Manamada keçiriləcək toplantı zamanı fələstinlilərin "iqtisadi rifahı" üçün dəstəklərin cəlb edilməsi müzakirə ediləcək.

Məlumata görə Manamaya bəzi ərəb maliyyə rəsmiləri ilə yanaşı İsrailin iqtisadiyyat naziri və onun başçılıq etdiyi nümayəndə heyəti də gələcək.

Qeyd edək ki, ABŞ-ın Fələstin-İsrail münaqişəsi ilə bağlı "Yaxın Şərqdə sülh" planı daha çox "əsrin sazişi" kimi tanınır. Bu plan haqda verilən qeyri-rəsmi məlumatlara görə burada Fələstin dövlətinin təsisi, fələstinli qaçqınların öz yurdlarına qayıtması, fələstinlilərin Qüdslə bağlı hüquqları yer almayıb. Məlumata görə ərazi mübadiləsinin olacağı bu planda fələstinlilərə yalnız maddi vədlər verilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə