Misirdə turist avtobusu partladılıb

Misirin paytaxtı Qahirənin qərbində - Giza piramidalarının yerləşdiyi bölgədə turist avtobusunun keçdiyi vaxt partlayış meydana gəlib.

SİA-nın Türkiyənin “sozcu.com.tr” saytına istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində aralarında turistlərin də olduğu 10 nəfər yaralanıb.

Partlayış Misir piramidaları yaxınlığında yeni inşa edilən “Böyük Muzey”in yanında meydana gəlib. Həmin vaxt avtobusda Cənubi Afrika Respublikasından olan 25 turist olub.

Hücum nəticəsində avtobusun şüşələri qırılıb, həmin vaxt yaxınlıqda hərəkətdə olan daha bir avtomobil də ziyan görüb.

Qeyd edək ki, ötən ilin sentyabrında eyni yerdə baş vermiş partlayışda 3-ü turist olmaqla, 4 nəfər həlak olmuşdu.

Misir Daxili İşlər Nazirliyi hadisə ilə əlaqədar rəsmi məlumat verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə