Yens Stoltenberq: “NATO Ukraynaya güclü siyasi və praktiki dəstəyi davam etdirəcək”

NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski ilə telefonla danışıb və gənc prezidenti alyansın mənzil-qərargahına dəvət edib.

SİA-nın Rusiya kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, Stoltenberq bu barədə özünün Twitter səhifəsində yazıb: “Bu gün Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski ilə danışdım. Mən onu qələbə münasibətilə təbrik etdim və yaxın vaxtlarda onu NATO-nun mənzil-qərargahına dəvət etdim. NATO Ukraynaya güclü siyasi və praktiki dəstəyi davam etdirəcək”.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də baş tutub. Mübarizə hazırkı prezident Petro Paraşenko və birinci turun qalibi Zelenski arasında gedib. Ukrayna Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, Zelenski 73,22% səs toplamaqla qalib gəlib. Poroşenko artıq məğlubiyyətini etiraf edib.

Bütün xəbərlər Facebook səhifəmizdə