Keçmiş prezidentin xanımı dəfn edilib

Keçmiş Yuqoslaviya prezidenti Slobodan Miloşeviçin Moskvada vəfat etmiş həyat yoldaşı Mira Markoviç Serbiyada dəfn edilib.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, dəfn mərasimi Markoviçin anadan olduğu Pojarevats şəhərində baş tutub. Dəfn mərasiminə onun keçmiş Yuqoslaviya Sosialist Partiyasından olan köhnə siyasi müttəfiqləri qatılıblar. Serbiya Sosialist Partiyasının indiki lideri, Baş nazirin mavini və Xarici İşlər naziri postunu tutan İvitsa Daçiç əvvəlcədən başsağlığı verərək, istənilən köməkliyi göstərməyə hazır olduğunu bildirsə də dəfn mərasiminə qatılmayıb. O, yalnız əklil göndərməklə kifayətlənib.

Mira Markoviç 10 iyul 1942-ci ildə Pojarevats şəhəri yaxınlığında dünyaya gəlib. Sonradan həmin şəhərdə onun əri Miloşeviç dəfn olunub və xanım Markoviç də ərinin yanında dəfn edilməsi vəsiyyətini etmişdi.

Qeyd edək ki, Miloşeviçin xanımı və oğlu 2000-ci ildən Rusiyada məskunlaşmışdılar. 2007-ci ildə Serbiya Xarici İşlər Nazirliyi Rusiyadan Markoviçi tələb etsə də qarşı tərəf Mira Markoviç və oğlu Marko Miloşeviçin artıq “siyasi qaçqın” statusu aldıqlarını bildirmiş və dul qadını qaytarmaqdan imtina etmişdi.

2018-ci ilin iyununda Belqrad məhkəməsi Miloşeviçin dul qadını barədə 2000-ci il ərzində dövlət mənzillərinin bölüşdürülməsindəki səhvlərinə görə 1 il müddətinə qiyabi azadlıqdan məhrumetmə qərarı çıxarmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə